Zelenskidən yeni sülh təklifi: Trampa göndərilən məktubda nə var?

Zelenskidən yeni sülh təklifi: Trampa göndərilən   məktubda nə var?

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə həlli ilə bağlı ABŞ-yə müəyyən təkliflər təqdim edib.


Zelenski bu barədə videomüraciətində bildirib.
Lakin o, təkliflərin təfərrüatlarını açıqlamayıb. Bununla belə, ABŞ-nin Rusiyaya qarşı sanksiya təzyiqini artıracağına və bunun Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasında rol oynayacağına ümid etdiyini deyib.
Görəsən, Zelenskinin bu təkliflərində nələr əks oluna bilər?
Siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ağ Evə göndərilən təkliflərdə Ukraynanın ərazi bütövlüyü əsas şərt olaraq irəli sürülüb:
“Ukrayna savaşı ilə bağlı paralel proseslər davam edir. Həm Rusiya, həm də Ukrayna savaş meydanında aktivləşib. Çünki hər iki tərəf danışıqlarda daha güclü mövqe qazanmağa çalışır. Bu məqsədlə də hərbi mövqelərinin gücləndirirlər. İkinci proses isə sülh danışıqları ilə bağlıdır. Rəsmi Kiyev Moskvaya prezidentlər səviyyəsində görüş təklif edir. Ancaq Kreml hələlik belə görüşdə maraqlı deyil. Kremldə hesab edirlər ki, Putin yalnız Ukraynanın kapitulyasiya aktının imzalanması prosesində iştirak edə bilər. Kiyev isə kapitulyasiya aktı imzalamaq niyyətində deyil. ABŞ-də yenidən sülh masasına qayıtmaq istəyini büruzə verir. Bu məqsədlə ABŞ Prezidentinin xüsusi nümayəndələri Kiyev və Moskvaya göndərilməlidir”.
Lakin bütün bunlara rəğmən ekspert hesab edir ki, sülh prosesinin uğur qazanma ehtimalı o qədər də inandırıcı deyil:
“Çünki Rusiya neoimperalist şərtlərdən əl çəkmir. Zelenskinin Ağ Evə göndərdiyi təkliflər mövcud situasiyaya uyğun təkliflər ola bilər. Burada da əsas məsələ odur ki, rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyünü əsas şərt kimi bəyan edib və bunda da israr edir. Ola bilsin, Ağ Evə göndərilən təkliflər sırasında bu məsələ öndədir. Digər tərəfdən, sözügedən təkliflərdə Rusiya ordusunun Ukrayna ərazisindən tamamilə çıxarılması, Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi və dünyanın nüfuzlu dövlətlərinin buna imza atması məsələsi də yer ala bilər”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az