Moskva nədən qorxur? – Seçki öncəsi dünyaya çağırış

Moskva nədən qorxur? – Seçki öncəsi dünyaya çağırış

Rəsmi Moskva dünya ölkələrinə müraciət edərək, Dövlət Dumasına seçkilər ərəfəsində həmin dövlətlərdəki Rusiya səfirliklərinin qarşısında nümayişlərin keçirilməsinə yol verilməməsini istəyib.

Xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin seçki üzrə komissiyası sədrinin müavini Maksim Rayder bu barədə məlumat verib.
“Rusiya sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər öncəsi xarici ölkələrə müraciət edərək, həmin ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində yaradılacaq seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunmasını və səfirliklərin qarşısında nümayişlərin keçirilməsinə yol verilməməsini istəyib. Moskva xarici dövlətlərin Rusiya vətəndaşlarının səsverməsi ilə bağlı beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməsini gözləyir”, – deyə Rayder bildirib.
Qeyd edək ki, Rusiyada sentyabrın 18-20-də Dövlət Dumasına seçkilər keçiriləcək. Bu məqsədlə seçki məntəqələri ölkə daxilində olmaqla yanaşı, xarici ölkələrdəki səfirliklərdə də yaradılır.
Görəsən, Rusiya nədən narahatdır ki, belə bir xahişlə çıxış edib? Qərb ölkələrinin buna reaksiyası necə olacaq?
Siyasi şərhçi Ramiyyə Məmmədova “BakuPost”a bildirib ki, Rusiya məhz öz nüfuz və imicini qorumaq üçün belə bir istəklə çıxış edib:
“Rusiya seçkilər ərəfəsindədir. Ukrayna müharibəsi ilə əlaqədar olaraq hazırda Rusiya dünyada təcrid olunmuş və düşmən qismində görünən bir dövlətə çevrilib. Ona görə də az qala bütün dünyanı Rusiyaya qarşı etirazlar bürüyür. Moskva xarici ölkələrdə 300 seçki məntəqəsi yaratmaq niyyətindədir. Bu əsasda həmin məntəqələrdə seçkiyə gələn vətəndaşlarının təhlükəsizliyinin qorunması gündəmə gəlir. Bunu etmək Rusiyaya ilk növbədə öz nüfuzunu qorumaq baxımından vacibdir. Çünki həmin dövrdə Rusiya əleyhinə keçiriləcək etiraz nümayişləri Moskvanın nüfuzuna xələl gətirəcək ki, şimal ölkəsi də məhz bundan yayınmağa çalışır”.
Ekspertə görə, Moskva qorxur ki, seçki dövründə xaricdəki etirazların qarşısı alınmasa, bunun nəticəsində Qərbdə və dünyanın bir sıra digər məntəqələrində Rusiya əleyhinə yeni dalğalar yarana bilər:
“Burada başlıca məqsəd Rusiyaya qarşı olacaq etirazların qarşısını almaqdır”.
Müsahibimiz düşünür ki, bu istək fonunda hətta Rusiya ilə düşmən münasibətdə olan xarici dövlətlər belə seçki öncəsi sözügedən səfirliklərin qarşısında təhlükəsizliyi təmin edəcəklər:
“Onlar həmin ərazilərdə mitinqlərin keçirilməsinə yol verməyə bilərlər. Ancaq dinc nümayişlərə qarışmaya, reaksiya verməyə də bilərlər”.
R.Məmmədova məsələ ilə bağlı Qərbi ikiüzlülükdə də ittiham edib:
“Qərb Rusiyaya qarşı birləşərək, onun uduzması üçün əlindən gələni edir. Amma bununla bərabər, Qərb yaxşı bilir ki, Rusiya enerji resurslarının əsas mənbələrindən biridir. Ona görə də ikili oyun oynayır: bir tərəfdən Kiyevə dəstək verir, digər tərəfdən isə üçüncü ölkələr üzərindən Rusiyadan enerji məhsulları alır”.

Mənbə: www.bakupost.az