“Qolos Аrmeniya" sensasion iddia yaydı: Paşinyan müxalifəti “Putinin layihəsi” elan etməklə öz repressiyalarına bəraət qazandırır
Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı İrəvanda siyasi temperaturu yenidən qaldırıb. Paşinyan 7 iyun parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistan müxalifətinə hakimiyyət dəyişikliyi üçün “yaşıl işıq” verdiyini eyham edib. Musavat.com xəbər verir ki, "Qolos Armeniya" nəşri Paşinyanın çıxışını təhlil edərək yazır ki, baş nazirin söylədikləri olduqca maraqlı mənzərə yaradır. Paşinyanın sözlərinə görə, guya Kremlin ətrafından hansısa şəxsə “get, hər şey həll olunub, sən baş nazir olacaqsan” deyilib. Başqa sözlə, Paşinyanın təqdim etdiyi versiyaya əsasən, Moskva Ermənistanın siyasi hakimiyyətini seçki yolu ilə dəyişdirmək üçün müəyyən qüvvələrə ümid verib.
Ancaq burada daha böyük sual ortaya çıxır: Paşinyan həqiqətən Moskvadakı planlardan xəbərdardır, yoxsa Rusiyanı daxili siyasi repressiyalarına bəraət qazandırmaq üçün əsas hədəfə çevirib?
"Qolos Arneniya"nın yazdığına görə, Paşinyan uzun müddətdir ölkədəki real müxalifətin üzərinə “Putinin agentləri”, “FSB əməkdaşları” və “Rusiyanın beşinci kolonu” damğası vurur. Məqsəd isə müxalifəti siyasi rəqib kimi deyil, milli təhlükəsizliyə təhdid kimi göstərməkdir. Nəşr xüsusilə Samvel Karapetyanın gündəmə gətirdiyi “gizli plan”ı xatırladır. İddiaya görə, bu plana Rusiyanın Ermənistan iqtisadiyyatına təzyiq göstərməsi, bəzi erməni məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması və yaranacaq sosial-iqtisadi narazılıq fonunda əhalinin küçələrə çıxarılması daxil olub. Paşinyan isə bu plan barədə məlumatların doğru olduğunu və Moskvada “öz adamlarının” olduğunu bildirib. Amma paradoks da məhz burada başlayır. Əgər Paşinyanın Moskvanın daxilində “öz adamları” varsa, Rusiya ilə münasibətlərin niyə sürətlə pisləşdiyini necə izah etmək olar?Rusiya rəsmilərinin son dövrdə Ermənistan hakimiyyətinə qarşı sərt ritorikası da diqqətdən yayınmır. Nəşr Rusiyanın yüksək vəzifəli şəxslərinin Paşinyan hakimiyyətinin davranışlarını “yanlış” və “siyasi baxımdan qəbuledilməz” kimi qiymətləndirdiyini vurğulayır. Digər tərəfdən, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistanda gedən proseslərin Rusiya ilə ənənəvi əlaqələrin möhkəmləndirilməsinin tərəfdarlarına qarşı yönəldiyini bildirib. Belə vəziyyətdə Paşinyanın siyasi strategiyası getdikcə aydın görünür: Rusiyaya yaxın olan bütün qüvvələri təhlükə elan et, onları “Kremlin adamları” kimi təqdim et, ardınca isə həmin qüvvələrə qarşı repressiyaları “milli təhlükəsizlik” pərdəsi altında legitimləşdir. Nəşr Robert Köçəryan, Samvel Karapetyan və digər müxalif fiqurların üzləşdiyi təqibləri də bu kontekstdə təqdim edir. Məqalənin müəlliflərinə görə, Ermənistanda real müxalifətin sıxışdırılması Paşinyanın hakimiyyətini qorumaqla yanaşı, ölkənin xarici siyasət kursunun dəyişdirilməsi üçün də siyasi zəmin yaradır. Ən diqqətçəkən məqam isə budur: “Голос Армении” Paşinyanın müxalifətə qarşı repressiyalarını Azərbaycanla bağlı mümkün yeni güzəştlərlə də əlaqələndirir. Nəşrin iddiasına görə, hakimiyyət daxilində müxalif müqavimətin zəiflədilməsi İrəvanın Bakı ilə danışıqlarda daha rahat manevr etməsinə imkan yarada bilər. Beləliklə, Paşinyanın “Moskva müxalifətə hakimiyyət vəd edib” mesajı sadə siyasi ittihamdan daha artıq görünür. Bu, Ermənistan daxilində gedən hakimiyyət savaşının yeni mərhələsidir.
Paşinyan bir tərəfdən Rusiyanı Ermənistanın daxili işlərinə müdaxilədə ittiham edir, digər tərəfdən isə həmin “Rusiya təhlükəsi”ni öz hakimiyyətinin əsas siyasi silahına çevirir.
Mənbə: musavat.com