Məşhur milyarder Epşteynlə bağlı ifadə verməkdən imtina etdi

Məşhur milyarder Epşteynlə bağlı ifadə verməkdən imtina etdi

Amerikalı milyarder Leon Blek məşhur biznesmen Ceffri Epşteynin işi üzrə ABŞ Nümayəndələr Palatasının komitəsində and içərək ifadə verməkdən imtina edib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

İfadə verməkdən yayınan milyarder konqresmenlərin çağırış vərəqələrini ləğv etdirmək üçün federal məhkəməyə müraciət edərək Vaşinqtona gözlənilməz həmlə edib.

Nəşr yazır ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsi iyun ayındakı qapalı dindirmədən sonra Blekin adına iki rəsmi çağırış göndərmişdi. Qanunvericilər bildirirlər ki, iş adamı məxfi müqavilələr (NDA) barədə suallardan qaçıb.

Məhkəməyə şikayət edən Blek komitənin səlahiyyət hədlərini aşdığını və şəxsi həyata müdaxilə etdiyini bildirib. Milyarderin vəkili Syuzan Estriç isə ittihamları daha da kəskinləşdirib:

“Komitə həqiqəti axtarmaq əvəzinə, sadəcə ləkələyici materiallar arxasınca qaçır. Bu istintaq Epşteynlə bağlı gerçəkləri üzə çıxarmaq üçün deyil, Bleki məhv eləmək üçün qurulub”.

Komitədəki demokratların lideri, konqresmen Robert Qarsiya isə milyarderin dərhal Konqresə hörmətsizlik maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, “Apollo Global Management” şirkətinin həmtəsisçisi olan Leon Blek 2021-ci ildə Epşteynlə qaranlıq əlaqələri üzə çıxdıqdan sonra vəzifəsindən istefa verməyə məcbur olmuşdu.

Mənbə: qafqazinfo.az