ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru, general Devid Petreus Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovet İttifaqını bərpa etməyə çalışdığını bildirib.
Petreus Rusiyanın mümkün növbəti addımından danışarkən Moldovanın adını çəkib.
“Putin daim Sovet İttifaqını bərpa etməyə çalışır. Mən düşünmürəm ki, növbəti Litva olacaq. Bu baxımdan Moldova daha zəif olduğu üçün onun növbəti olması daha real görünür”, – CIA-nın keçmiş direktoru bildirib.
Petreus eyni zamanda Avropa ölkələrinin belə təhlükələrə lazımi səviyyədə hazır olmadığını vurğulayıb.
“Avropa ölkələri buna hazır deyil. Onların heç biri müharibənin aparılması, müdafiə və təhlükəsizlik konsepsiyalarında zəruri inqilabi dəyişiklikləri həyata keçirməyib”, – o deyib.
Xatırladaq ki, Devid Petreus Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazandığı Qarabağ zəfərinə də yüksək qiymət verib.
ABŞ-nin tanınmış hərbi mütəxəssisləri Liam Kollinz və Con Spenserin hazırladığı “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabında Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə hərbi strategiya, texnologiya, komandanlıq və döyüş taktikası baxımından geniş təhlil edilir.
Petreus bu araşdırmanı yüksək qiymətləndirərək onu XXI əsrin əlamətdar, lakin çox vaxt diqqətdən kənarda qalan hərbi kampaniyalarından birinin ustalıqla aparılmış təhlili adlandırıb.
Mənbə: musavat.com