"Bütün dövlət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır".
Bunu Berlində səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
“Mən Prezident Putinə bu məsələdə mənim şəxsi mövqeyimi böyük anlayışla qarşıladığına görə minnətdaram. Çünki hamımız – dövlət rəhbərləri – o cümlədən Rusiya Prezidenti Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”, – deyə Tokayev bildirib.
İyulun 25-də Putin və Tokayev Omskda görüş keçiriblər; həmin görüş zamanı Qazaxıstan lideri Ukrayna münaqişəsini dondurmağı və nizamlanmanın İstanbul düsturuna qayıtmağı təklif edib. Respublika rəhbəri vurğulayıb ki, Türkiyədəki danışıqlarda əhəmiyyətli nəticələr əldə olunub, buna görə də Rusiya da daxil olmaqla iri dövlətlərin zəmanəti ilə sülh istiqamətində irəliləməyə davam etmək məntiqlidir.
Hüseyn İbadlı
Mənbə: publika.az