Azərbaycan BMT-ni ayağa qaldırır - Bunu da etməsələr…

Azərbaycan BMT-ni ayağa qaldırır - Bunu da etməsələr…

BMT Baş Assambleyasının Üçüncü Komitəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə keçirilən interaktiv dialoq zamanı Azərbaycan bütün insan hüquqlarının, o cümlədən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, həmçinin inkişaf hüququnun qarşılıqlı surətdə bağlı olduğunu və bir-birini tamamladığını vurğulayıb. Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkədə aparılan bərpa və yenidənqurma işlərinə ərazilərdə geniş yayılmış mina və digər partlayıcı qurğular ciddi maneə törədir. Bu təhlükələr mülki şəxslərin həyatına son qoyur, onların yaralanmasına səbəb olur.

CROSSMEDIA - Böyük Qayıdışın qarşısındakı əsas maneə:Mina terroru

Məlumatda, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox şəxsin taleyinin hələ də məlum olmamasının ciddi humanitar problem olaraq qaldığı diqqətə çatdırılıb. Azərbaycan BMT-nin insan hüquqları mexanizmlərini və İnsan Hüquqları üzrə Ali Komissarlığını minlərlə insana təsir edən mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı problemlərə xüsusi diqqət yetirməyə çağırıb. Bununla yanaşı, qeyd olunan məsələlərin aidiyyəti qurumlarla müvafiq səviyyədə müzakirəsinin aparılmasının və onların həlli üçün səmərəli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.

Fakt budur ki, torpaqlarımızın işğal altında olduğu dövrdə BMT 4 qətnaməsini icra edə bilmədi və onun yerinə Ordumuz yerinə yetirdi. Hazırda dünya nizamının pozulduğu, beynəlxalq hüququn ayaqlar altında atıldığı, BMT-nin nüfuzunun aşağı düşdüyü, sözünün kəsəri, qətiyyəti olmadığı bir vaxtda, Bakının bu çağırışı təşkilatı tərpədə bilərmi? BMT mina və itkin düşənlər probleminin həllində nə kimi rol oynaya bilər? BMT heç olmasa humanitar məsələlərdə öz əhəmiyyətini göstərsin…

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, hazırda BMT-nin Azərbaycan qarşısında öz nüfuzunu bərpa etmək üçün humanitar məsələlərdən başqa yolu qalmayıb: “Siyasi müstəvidə bu imtahanı çoxdan uduzub. 1993-cü ildə Təhlükəsizlik Şurası işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Otuz ilə yaxın bu qətnamələri rəflərdə toz basdı. Sonda onları BMT yox, Azərbaycan Ordusu icra etdi. Yəni təşkilat öz sözünün arxasında dura bilmədi. İndi Bakı yenidən BMT-nin qapısını döyür. Bu dəfə torpaq üçün yox, insan üçün bu müraciəti edir”.

Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün  davamlı tədbirlər həyata keçirir

Bəs BMT tərpənəcəkmi?

Sona Əliyeva deyib ki, burada üç variant var: “Birincisi, təşkilat yenə də bəyanatlarla kifayətlənəcək, “narahatlığını ifadə edəcək” və iş bununla bitəcək. İkincisi, minatəmizləməyə müəyyən texniki və maliyyə dəstəyi göstərəcək, amma itkin düşənlər məsələsində məlumatı gizlədən tərəfə təzyiq etməkdən çəkinəcək. Üçüncüsü, BMT nəhayət öz humanitar mexanizmlərini işə salacaq, minalanmış ərazilərin xəritələrinin tam təqdim edilməsini və itkin düşənlərin taleyinin aydınlaşdırılmasını açıq şəkildə tələb edəcək. İndiki halda ikinci variant daha inandırıcı görünür. Ona görə ki, BMT humanitar sahədə nəsə etmiş kimi görünmək istəyəcək, amma kəskin addım atıb heç kimi küsdürmək istəməyəcək”.

Siyasi təhlilçi hesab edir ki, istənilən halda, təşkilatın vəziyyəti bu gün heç də parlaq deyil: “Dünya nizamı çatlayıb, beynəlxalq hüquq böyük güclərin ayaqları altında qalıb, Təhlükəsizlik Şurası veto davalarında ilişib qalıb. BMT son illərdə həm Yaxın Şərqdə, həm də Ukraynada nüfuzundan xeyli “qan itirib”. Ona görə də Bakının çağırışı əslində BMT-yə uzadılmış bir əldir. Siyasi məsələlərdə gücsüz qalan təşkilat heç olmasa humanitar sahədə varlığının mənasını göstərməlidir”.

Cavanşir Abbaslı

Mənbə: musavat.com