Makron Fransadakı iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib

Makron Fransadakı iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib

Fransa Prezidenti Emmanuel Makron ölkədə kütləvi etirazlar zamanı baş verən iğtişaşları pisləyib və zorakılıq törədən şəxslərin cəzalandırılacağını bəyan edib.

Bu barədə Fransa lideri “X” sosial şəbəkəsində paylaşım edib.

“Bizim respublikamızda zorakılığa yer yoxdur. İğtişaşlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, bələdiyyələrimizin əmlakı da daxil olmaqla talanlarla məşğul olan hər kəs məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaq”, – Makron bildirib.

Prezident iğtişaş törədən şəxslərin dinc nümayişçilərin tələblərini çatdırmasına mane olduğunu vurğulayıb. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək onları nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.

Fransanın daxili işlər naziri Loran Nunyes isə oktyabrın 17-də ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlarla əlaqədar azı 400 nəfərin saxlanıldığını açıqlayıb.

Nazirin sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. O bildirib ki, hadisə yerində saxlanılmayan iğtişaş iştirakçıları da müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.

Mənbə: apa.az