Hörmüz boğazının idarə olunması əvvəlki kimi olmayacaq – Əraqçi

Hörmüz boğazının idarə olunması əvvəlki kimi olmayacaq – Əraqçi

Hörmüz boğazının idarə olunması əvvəlki formada olmayacaq.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bazar (25 oktyabr) Tehranda Xarici İşlər Nazirliyində təşkil olunan tədbirdə deyib.

“Hörmüz boğazı on illər boyunca açıq olub. İki sahilyanı dövlət olaraq nə İran, nə də Oman gəmilərin keçidinə heç bir maneə yaratmayıb. Əksinə təhlükəsizliyi və ətraf mühiti qoruyub”, -deyə o qeyd edib.

Əraqçi bildirib ki, bu günlər yenidən müharibənin başlanması ilə bağlı sözlər danışılır. İstər müharibə olsun, istərsə də olmasın, İranın siyasəti öz yerindədir. Məntiqə əsasən artıq İran əleyhinə hərbi hücum təkrarlanmayacaq.

“İran və region ölkələri xarici müdaxilə olmadan regionda sülh içində yaşamalıdır. İran Fars körfəzi ətrafında yerləşən ölkələrlə əlaqələri qoruyur və regionda yeni təhlükəsizlik mexanizmi haqda birgə anlaşmanın əldə olunmasına çalışır. Bu isə regionda sülh və sabitliyin bərpa olunmasının yeganə yoludur”, -deyə o qeyd edib.

İranlı nazir əlavə edib ki, Pakistan, Qətər və başqalarının vasitəçiliyi ilə ABŞ tərəfi ilə bütün müzakirələrdə İran qeyd edib ki, bütün istiqamətlərdə müharibəyə son qoyulmalıdır. Belə olmadığı halda, regionda sabitlik olmayacaq.

“Regionda sülh və sabitlik elə bir istiqamətə yönəlməlidir ki, regiondan kənar qüvvələrin iştirakı sıfıra ensin”, -deyə o bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Mənbə: az.trend.az