Oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərində əsas mübarizə baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blokla Qadi Ayzenkot və Naftali Bennettin ön plana çıxdığı müxalifət qüvvələri arasında gedir. Siyasi ekspertlər hesab edir ki, seçkilərin nəticələri Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağını müəyyənləşdirməklə yanaşı, İsraildə yeni koalisiya hökumətinin formalaşması məsələsini də gündəmə gətirəcək.
Musavat.com xəbər verir ki, İsraildə oktyabrın 23-də yayımlanan Maariv sorğusuna əsasən, Netanyahunun bloku 48, onunla rəqabət aparan yəhudi müxalifət partiyaları isə 54 mandat əldə edə bilər.
Ərəb partiyalarına isə ümumilikdə 14 mandat proqnozlaşdırılır. Sorğunun nəticələri seçkidə təkrarlanarsa, heç bir blok müstəqil şəkildə hökumət qurmaq üçün tələb olunan 61 mandatı təmin edə bilməyəcək. Bu, seçkidən sonra koalisiya danışıqlarının həlledici olacağını göstərir. İsraildə seçkilər proporsional sistem əsasında keçirilir. Seçicilər konkret baş nazirə deyil, partiyalara səs verirlər. Parlamentə daxil olmaq üçün partiya ümumölkə üzrə səslərin ən azı 3,25 faizini toplamalıdır.
Seçkilərdə iştirak edən əsas siyasi qüvvələri iki böyük blok və ayrıca mövqe tutan partiyalar şəklində qruplaşdırmaq mümkündür. Netanyahu tərəfdarlarının bloku Likud Partiyası, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sədrlik etdiyi Otzma Yehudit Partiyası, maliyyə naziri Betsalel Smotriçin rəhbərlik etdiyi Dini Sionizm Partiyası, Şas - Arye Derin sədri olduğu Şas Partiyası, Jaakov Aşerin sədri olduğu Vahid Tövrat Yəhudiliyi Təşkilatından ibarətdir. Bu beş siyasi qüvvənin maraqları bütün məsələlərdə üst-üstə düşməsə də, onların birgə fəaliyyəti Netanyahunun hökuməti qoruyub saxlamaq imkanlarına təsir göstərir. Bu partiyalar Fələstin, İran məsələsində radikal mövqedə olan partiyalar kimi tanınır.
Seçkidə Netanyahuya qarşı çıxan əsas müxalifət qüvvələri isə Keçmiş İsrail ordusu baş qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi siyasi partiya Yəşar, İsrailin keçmiş baş naziri Naftali Bennettin rəhbərlik etdiyi siyasi Birlikdə İttifaqı, keçmiş hərbi nazir Yair Qolanın rəhbərlik etdiyi solçu Demokratlar Partiyası, keçmiş hərbi nazir, sabiq xarici işlər naziri Aviqdor Libermanın sədri olduğu İsrail Evimiz Partiyasıdır.
İsraildə seçkilərdə ərəb seçicilərin dəstəklədiyi siyasi qüvvələr ayrıca əhəmiyyət daşıyır. Bu sıraya Mənsur Abbasın sədri olduğu Birləşmiş Ərəb Siyahısı Təşkilatı, daxildir. Hər iki siyasi qüvvə müxalif mövqedədir.
Keçirilən son rəy sorğularına görə, Qadi Ayzenkotun partiyası 21, Benyamin Netanyahunun partiyası 19, Naftali Bennettin partiyası 15, Jair Qolanın partiyası 10, Yusif Cabareenin təşkilatı 9, Arye Derin partiyası 8, İtamar Ben-Qvirin partiyası 7, Yaakov Aşerin təşkilatı 7, Aviqdor Libermanın partiyası 8, Betsalel Smotriçin partiyası 7, Mənsur Abbasın təşkilatı 5 deputat mandatı əldə edə bilər. Bunlar seçkinin faktiki nəticələri deyil, seçkiöncəsi proqnozlardır.
Ekspertlərin fikrincə, bu göstəricilərdən bir neçə nəticə çıxarmaq mümkündür: Ayrı-ayrı partiyalar arasında müxalif Qadi Ayzenkotun Yəşar Partiyası sorğuda birinci yerdədir. Netanyahunun Likud partiyası parlamentdə mühüm siyasi qüvvə olaraq qalır. Bennettin ittifaqı Netanyahuya qarşı alternativ hökumətin formalaşdırılmasında əhəmiyyətli rol oynaya bilər. Ərəb partiyaları heç bir blokun təkbaşına 61 mandat əldə etmədiyi vəziyyətdə hökumətin formalaşdırılması prosesinə təsir göstərə bilər. Lakin sorğu nəticələrinə əsasən, hər hansı siyasi qüvvənin seçkidə mütləq üstün gələcəyini söyləmək olmaz. İsraildə partiyalar arasındakı mandat bölgüsü ilə koalisiya yaratmaq imkanları bir-birindən fərqlənir.
Netanyahunun hakimiyyəti saxlaya biləcəyi ehtimalı qalır. Çünki seçkilərin nəticəsi yalnız Likudun neçə mandat qazanacağından asılı deyil. Netanyahu sağçı və dini partiyaların dəstəyini birləşdirə bilsə, rəqib blok daha çox mandat qazansa belə, hökumət qurmaq uğrunda mübarizə davam edə bilər.
Ayzenkot və Bennettin rəhbərlik etdiyi qüvvələr razılığa gələrək parlament çoxluğunun dəstəyini təmin edə bilsələr, Netanyahu hakimiyyətdən gedə bilər.
Etibar Seyidağa,
Musavat.com
Mənbə: musavat.com