Yaxın Şərq yenidən böyük müharibənin astanasındadır. ABŞ və İsraillə İran arasında qarşıdurmanın yenidən alovlanması ehtimalı artdığı bir vaxtda Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək səviyyəli nümayəndələrinin Tehranda danışıqlar aparması vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir. Tərəflər diplomatik çıxış yolu axtarsalar da, əvvəlki razılaşmaların pozulması, qarşılıqlı təhdidlər və Hörmüz boğazı ətrafındakı gərginlik yeni hərbi toqquşma riskini gündəmdə saxlayır. Hörmüz boğazı bu qarşıdurmanın ən həssas nöqtələrindən biridir. Dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi bu strateji marşrutda hər hansı ciddi məhdudiyyət neft qiymətlərinə, beynəlxalq ticarətə və qlobal iqtisadiyyata ağır təsir göstərir. Müharibənin genişlənməsi isə təkcə İranı və Körfəz ölkələrini deyil, regionun digər dövlətlərini də təhlükəsizlik və iqtisadi risklərlə üz-üzə qoyur.
Belə bir şəraitdə Azərbaycan üçün də məsələ xüsusi əhəmiyyət daşıyır. İranla qonşuluq, regiondakı enerji və nəqliyyat əlaqələri, sərhəd təhlükəsizliyi və mümkün iqtisadi təsirlər Bakının hadisələri diqqətlə izləməsini zəruri edir. Azərbaycanın əsas marağı müharibənin coğrafiyasının genişlənməməsi, regional sabitliyin qorunması və böhranın diplomatik yollarla həll edilməsidir.
Tehran ətrafında aparılan danışıqlar böyük müharibənin qarşısını ala biləcəkmi? Hörmüz boğazındakı gərginlik Azərbaycan üçün də yeni təhlükəsizlik və iqtisadi sınaqlar yaradacaqmı?
Politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, Tehran müharibənin geniş coğrafiyaya yayılmasını, Hörmüz və Babülməndəb boğazlarında nəzarəti öz əlində saxlamağa çalışmaqla balansı öz xeyrinə dəyişməyə can atır: "İran anlayır ki, Birləşmiş Ştatlarla birbaşa genişmiqyaslı hərbi toqquşmaya girmək gücündə yol və assemetrik müharibə taktikası seçib. İsraildə və ABŞ-da keçirilən parlament seçkiləri hər iki liderin diqqəti seçkilərə fokuslandığından aktiv hava hücumları hələ ki, gözlənilmir. Ancaq regiona hərbi qüvvələrin cəmləşdirilməsi, daha bir avia-laynerin göndərilməsi müharibənin yenidən alovlanması risqini artırır. İranı sıxan həm də ona qarşı tətbiq edilən ölümcül sanksiyalardır. Əgər belə davam edərsə iqtisadi çöküş qaçılmaz olacaq. Odur ki, rejim üçün status kvo məqbul sayılmır. Onun yaratdığı proksi qüvvələri, xüsusən də Yəməndəki husilər ciddi problemlər yaradır. Tehran açıq şəkildə bəyan edir ki, ya hamıya, ya da heç kəsə. Yəni neft satılacaqsa, hamı satacaq, satılmayacaq ki, heç kəs satmayacaq. Bu prinsipial yanaşma isə dünyada neftin və yanacağın qiymətini sabitləşdirməyə imkan vermir. Husilərin Səudiyyə Ərəbistanına hava zərbələri endirməsi təhrikedici xarakter daşıyır. Məlum olduğu kimi, avqustun əvvəlində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə hərbi müdafiə haqqında bir çox hallarda İslam NATO-su kimi təqdim edilən Məkkə Birgə Müdafiə sazişi imzalayıbıar. Husilərin Səudiyyə Ərəbistanına intensiv dron və raket zərbələri məcbur edir ki, Ankara və İslamabad hərəkətə keçsin və müttəfiqini qorusun. Ancaq bu eskalasiyaya çevrilərsə, daha böyük itkilərə və dağıntılara səbəb olacaq. Ona görə də hər iki dövlət problemi diplomatik vasitələrlə həll etmək üçün Tehranla dil tapmağı üstün tutur. İran ətrafında qeyri-müəyyənliyin və gərginliyin davam etməsi, Hörmüzün bağlanması enerji, kommunikasiya və logistika xətlərini güvənsiz hala gətirib. Üstəlik də ABŞ-ın ikinci dərəcəli sanksiyaları Azərbaycanı da İranla əlaqələrində ehtiyatlı davranmasını diqtə edir. Doğrudur, ABŞ-İran qarşıdurmasının doğurduğu nəticələr Azərbaycanın mövqeyini gücləndirməkdə və əhəmiyyətini artırmaqdadır. Xüsusən də enerji və tranzit dəhlizlərinə tələbat artıb və Bakının da burada xüsusi rolu danılmazdır. Lakin bununla belə riskli tərəfləri də var. İranın mütəmadi təhdidedici bəyanatları səsləndirilməkdədir. Hətta hicab adı altında bir müddət əvvəl Azərbaycan daxili gərginlik və qütbləşmə yaratmağa uğursuz cəhd edildi. Əlbəttə yaxın coğrafiyada olmaq və supergüclərin maraqlarının ciddi şəkildə toqquşduğu məkanda daha diqqətli və həssas olmaqda fayda var. Ən əsası da Azərbaycan hər cür ssenerailərə hazır olmalıdır. Hesab edirəm ki, Bakı cərəyan edən hadisələri diqqətlə izləyir, təhlil edir və buna uyğun bütün tədbirlərini alıb".
Cavanşir Abbaslı
Mənbə: musavat.com