Ərdoğanla Baxçalının görüşündə diqqətçəkən KAAN sirri

Ərdoğanla Baxçalının görüşündə diqqətçəkən KAAN sirri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında Ankarada keçirilən kritik görüşdə maraqlı bir detal diqqət çəkib.

Oktyabrın 27-də Prezident Administrasiyasının Beştəpədə yerləşən kompleksində keçirilən görüşdə Ərdoğanın taxdığı qalstuk xüsusi marağa səbəb olub.

Türkiyənin “A Haber” telekanalının məlumatına görə, prezident görüşə ölkənin milli döyüş təyyarəsi KAAN-ın təsvirinin əks olunduğu qalstukla qatılıb.

Ərdoğan həmin qalstuku daha əvvəl hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında da taxmışdı.

Maraqlı məqam ondan ibarətdir ki, Türkiyənin milli döyüş təyyarəsinə KAAN adını məhz Dövlət Baxçalı verib. Ərdoğanın Baxçalı ilə görüşə bu qalstukla qatılması diqqətçəkən simvolik detal kimi qiymətləndirilib.

Bir saatlıq kritik görüşdə nələr müzakirə olundu?

Yerli vaxtla saat 14:00-da başlayan və təxminən bir saat davam edən görüşün mümkün gündəliyi barədə “A Haber”in müxbiri Mert Hacıalioğlu məlumat verib.

Onun sözlərinə görə, Ərdoğanla Baxçalı arasında Türkiyənin daxili siyasi vəziyyəti, “Terrorsuz Türkiyə” prosesi və hakim Cumhur İttifaqının gələcək fəaliyyət planları müzakirə edilmiş ola bilər.

Görüşün mümkün mövzuları arasında Türkiyə Böyük Millət Məclisinin qarşıdakı dövrdə fəaliyyəti, yeni qanunvericilik təşəbbüsləri və terrorla mübarizə istiqamətində atılacaq addımlar da göstərilib.

Məkkə sazişi, İsrail və Yaxın Şərqdəki gərginlik

“A Haber”in məlumatında Türkiyənin regional təhlükəsizlik siyasəti də xüsusi yer tutub.

Müxbir Məkkə Birgə Müdafiə Sazişi və Bədr Memorandumunun əhəmiyyətinə diqqət çəkərək bu razılaşmalarla bağlı hüquqi və siyasi məsələlərin də gündəmdə olduğunu bildirib.

Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükəsizlik vəziyyəti, İsrailin regional siyasəti, Səudiyyə Ərəbistanı, Yəmən və husilərlə bağlı proseslər də görüşün mümkün müzakirə mövzuları sırasında göstərilib.

Bundan başqa, Türkiyənin Liviya ilə imzaladığı dəniz yurisdiksiyası sazişi və regiondakı strateji maraqları da diqqət mərkəzində olub.

Təqaüdçülərlə bağlı yeni addımlar

Görüşün mümkün gündəliyində sosial-iqtisadi məsələlərin də yer aldığı bildirilib.

Mənbə: musavat.com