Ermənistanın revanşist müxalifətindən Paşinyana hücum

Ermənistanın revanşist müxalifətindən Paşinyana hücum

Ermənistanda yeni Konstitusiya ətrafında mübahisələr getdikcə kəskinləşir. Yerli müxalifət Nikol Paşinyanı müxalifətə qarşı ictimai təzyiq kampaniyası hazırlamaqda ittiham edib.

Bu barədə Ermənistanın müxalifətdə olan, revanşist Respublikaçılar Partiyasının şura üzvü Armen Ovasapyan müəllif yazısında bildirib.

Ovasapyan Paşinyanın parlament tribunasından səsləndirdiyi son bəyanata münasibət bildirib. Baş nazir Konstitusiya dəyişikliklərinə toxunaraq müxalifətə qarşı ictimai təzyiqin formalaşacağını və hakim çoxluğun bu prosesə rəhbərlik etməli olduğunu deyib.

Respublikaçılar Partiyasının nümayəndəsi bu açıqlamanı ciddi siyasi nəticələr doğura biləcək addım kimi qiymətləndirib.

Ovasapyanın iddiasına görə, Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliklərinə qarşı çıxan siyasi qüvvələri sülh prosesinin əleyhdarları kimi təqdim etməyə çalışır.

“Paşinyanın əsas blefi bundan ibarətdir: kim Konstitusiyanın dəyişdirilməsinə qarşıdırsa, deməli, müharibə istəyir”, – deyə o bildirib.

Ovasapyan bu prosesin hətta daxili qarşıdurmalara gətirib çıxara biləcəyini iddia edib.

O, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən hadisələri də xatırladaraq bildirib ki, Ermənistan yenidən həmin dövrün məntiqinə qayıdır.

Diqqətçəkən məqam budur ki, bu ittihamlar Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyasının təmsilçisindən gəlir. Həmin siyasi qüvvə uzun müddətdir Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılması siyasətini tənqid edir.

Bununla belə, müəllifin mümkün repressiyalar və daxili qarşıdurmalar barədə söylədikləri siyasi proqnoz və ittiham xarakteri daşıyır.

Mənbə: musavat.com