Respublikaçılar Florida və Qərbi Virciniya ştatlarında Senata keçirilən seçkilərdə qələbə qazanıb, Kentukki ştatında isə liderlik edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyinin ilkin proqnozlarında və ilkin məlumatlarında deyilir.
Floridada Respublikaçılar Partiyasının namizədi Eşli Mudi Demokratlar Partiyasının təmsilçisi Enci Niksonu qabaqlayıb. İlkin məlumatlara görə, bülletenlərin təxminən 96 faizi hesablandıqdan sonra Mudi 50,8 faiz, Nikson isə 48,1 faiz səs toplayıb. Müstəqil namizəd Nil Gillespi isə 1,1 faiz səs qazanıb.
Qərbi Virciniyada hazırkı respublikaçı senator Şelli Mur Kapito Demokratlar Partiyasının nümayəndəsi Reyçel Fetti Andersonu geridə qoyaraq yenidən seçilib. Bülletenlərin təxminən 70 faizi hesablandıqdan sonra Kapito 57,2 faiz, rəqibi isə 39,2 faiz səs toplayıb.
Kentukki ştatında respublikaçı Endi Barr Senatda yer uğrunda mübarizədə liderlik edir. Bülletenlərin təxminən 68 faizi hesablandıqdan sonra Barr 52,6 faiz, demokrat Çarlz Buker isə 45,2 faiz səs toplayır. Ştatda seçkilərin qalibi hələ elan edilməyib.
AP-nin proqnozlarına əsasən, hazırda respublikaçılar Senatda 43, demokratlar isə 34 yer əldə ediblər. Hesablamalar zamanı həm hazırkı seçkilərin nəticələri, həm də səlahiyyət müddəti davam edən senatorların tutduqları yerlər nəzərə alınır. Konqresin yuxarı palatasında çoxluğu əldə etmək üçün partiyaya 51 yer lazımdır.
Noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər başlayıb. Bir çox ekspert respublikaçıların Konqresin palatalarından birini və ya hər ikisini itirə biləcəyini proqnozlaşdırır ki, bu da prezident Donald Trampın siyasi imkanlarına ciddi təsir göstərə bilər.
Mənbə: publika.az