İsraildə müəmmalı hadisə: Rusiyanın sanksiyalı hərbi təyyarəsi Təl-Əvivə endi - VİDEO

İsraildə müəmmalı hadisə: Rusiyanın sanksiyalı hərbi təyyarəsi Təl-Əvivə endi -

Rusiyaya məxsus hərbi təyyarənin İsrailə eniş etməsi beynəlxalq mediada suallar doğurub. ABŞ-ın sanksiya siyahısında olan təyyarənin hansı məqsədlə İsrailə gəldiyi və göyərtəsində kimlərin olduğu açıqlanmayıb.

Musavat.com Türkiyənin “Haberler” nəşrinə istinadən xəbər verir ki, noyabrın 8-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus hərbi təyyarə Moskva yaxınlığındakı Çkalovski hərbi hava bazasından havaya qalxaraq Təl-Əviv yaxınlığındakı Ben Qurion beynəlxalq hava limanına enib.

İsrail mətbuatının məlumatına görə, söhbət RA-85042 qeydiyyat nömrəli “Tupolev Tu-154M” təyyarəsindən gedir. Uçuş izləmə məlumatları onun Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki 223-cü Uçuş Bölməsinə aid olduğunu göstərir.

Həmin bölmə hərbi qulluqçularla yanaşı, Rusiya hökumətinin rəsmilərinin və digər rəsmi şəxslərin daşınmasında istifadə olunur. Təyyarə adi kommersiya sərnişin daşımaları üçün nəzərdə tutulmayıb.

Diqqətçəkən məqamlardan biri də təyyarənin 2023-cü ilin mayından ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında yer almasıdır. Bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları ilə əlaqədar tətbiq edilib.

Təyyarənin İsrailə enişindən sonra İsrail ordusu hadisəyə münasibət bildirməkdən imtina edib. Rusiyanın rəsmi qurumları da uçuşun məqsədi ilə bağlı açıqlama verməyib.

Təyyarənin göyərtəsində hansı şəxslərin olduğu, İsrail rəsmiləri ilə görüş keçirilib-keçirilmədiyi və səfərin diplomatik, yoxsa hərbi xarakter daşıdığı məlum deyil.

Mənbə: musavat.com