“Son illər televiziya ekranlarında və sosial şəbəkələrdə məktəb dərsliklərinin vəziyyəti, ordakı ciddi məzmun qüsurları və texniki yararsızlıqlar müzakirə olunur”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, valideynlər, müəllimlər və mütəxəssislər məktəb dərsliklərinin vəziyyəti ilə bağlı həyəcan təbili çalır:
"Aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi səviyyəsində bu haqlı tənqidlərə adekvat reaksiya, sağlam izahat və ya məsələnin həllinə yönəlmiş bir yanaşma qoyulmalı, mövqe ifadə olunmalıdır. Dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.
Suveren dövlətimizin milli mənəvi dəyərlərinin keşikində duran, uşaqlarımızda düzgün tarixi, milli kimliyi və ana dilini aşılayan dərsliklər bizim sabah üçün strateji təhlükəsizliyimizdir. Ona görə də bu məsələdə biz heç bir boşluğa və gecikmələrə yol verməməliyik. Amma bugün əgər ayrılan milyonlarla manat vəsait nəticəsində cəmiyyətdə haqlı etiraz doğuran, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli hardasa ciddi bir nəzarət boşluğu var və bu vəsaitlər daha səmərəli və daha məqsədyönlü xərclənməlidir".
O, parlamentdə elm və təhsil nazirliyi və müvafiq qurumlarla birlikdə mütəmadi ictimai dinləmələrin keçirilməsini, mövcud irad və təkliflərin dinlənməsini və birlikdə hər yollarının axtarılmasını təklif edib.
"Yaxşı olardı ki, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin də xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabatlar təqdim olunsun. Bu yöndə ekspertiza komissiyasının yaradılmasına çox ehtiyac var.
Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin, ziyalıların real təsiri təmin edilsin ki, məzmun keyfiyyətinə nəzarət güclənsin. Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyini nəzarət etməkdir", - deyə o qeyd edib.
Mənbə: bizim.media