2028-ci ildə “Avropa Siyasi Birliyi’nin Zirvə toplantısı Azərbaycanda keçiriləcək. İlk baxışdan bu qərar növbəti beynəlxalq tədbirin ünvanının müəyyənləşdirilməsi kimi görünə bilər. Lakin məsələnin siyasi mahiyyəti daha dərindir. Söhbət onlarla ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi, Avropanın təhlükəsizlik, iqtisadiyyat və gələcək siyasi arxitekturasının müzakirə olunduğu mühüm platformanın Azərbaycana etibar edilməsindən gedir. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və siyasi çəkisinin göstəricisidir.
Bu qərarın əhəmiyyətini Dublində “Avropa Siyasi Birliyi’nin Sammitində iştirak edən Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova da xüsusi vurğulayıb. O, jurnalistlərə açıqlamasında bildirib: “Avropa Siyasi Birliyi’nin Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir. Bu, Azərbaycanın həm də ciddi sabitlik amili kimi qəbul edildiyini göstərir”.
Şimali Makedoniyanın dövlət başçısının bu qiymətləndirməsi əslində Azərbaycanın beynəlxalq mövqeyində baş verən dəyişikliklərin kənardan necə müşahidə olunduğunu göstərir. Artıq ölkəmiz yalnız regional proseslərin iştirakçısı deyil, daha geniş coğrafiyada siyasi dialoqun və əməkdaşlığın təşkil olunduğu etibarlı ünvanlardan biri kimi qəbul edilir.
Bu qərarı Azərbaycanın son illərdə keçdiyi siyasi və diplomatik yoldan kənarda nəzərdən keçirmək mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni geosiyasi reallıqlar, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması, regionda sülh gündəliyinin irəli aparılması Azərbaycanın beynəlxalq mövqeyini yeni mərhələyə yüksəldib. Vaxtilə regional məsələlərin müzakirə olunduğu platformalarda tərəf kimi iştirak edən Azərbaycan indi daha geniş Avropa siyasi dialoquna ev sahibliyi etməyə hazırlaşır.
COP29 təcrübəsi də bu etimadın mühüm göstəricilərindəndir. 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirləri təşkil etmək, mürəkkəb danışıqlara ev sahibliyi etmək və müxtəlif maraqları ortaq məxrəcə gətirmək imkanlarını nümayiş etdirdi. Bakı yalnız tədbir məkanı deyil, qlobal qərarların müzakirə olunduğu diplomatik platforma kimi də yadda qaldı.
Bu gün Azərbaycanın Avropa üçün əhəmiyyəti təkcə diplomatik münasibətlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və regional sabitlik ölkəmizi Avropanın strateji tərəfdaşlarından birinə çevirir.
Azərbaycanın enerji təchizatının şaxələndirilməsindəki rolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı Avropanın iqtisadi və təhlükəsizlik maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm təminatçılardan biri olmaqla yanaşı, qitəni Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən strateji bağlantı rolunu da gücləndirir.
Dublində keçirilən “Avropa Siyasi Birliyi’nin Zirvə toplantısı Azərbaycanın bu mövqeyinin diplomatik müstəvidə də möhkəmləndiyini göstərdi. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti António Koşta ilə görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları və Orta Dəhlizin perspektivləri müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaş olduğunu, hazırda Avropa İttifaqının 10 üzvündən 8-i daxil olmaqla, ümumilikdə 10 Avropa ölkəsinə qaz ixrac etdiyini vurğulayıb. Tərəflər bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Avropa bazarına yaşıl enerji ixracı perspektivlərini də nəzərdən keçiriblər.
Koştanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirməsi diqqətəlayiqdir. Bu görüş bir daha göstərdi ki, Avropa ilə Azərbaycan münasibətləri yalnız mövcud enerji əməkdaşlığı ilə məhdudlaşmır, təhlükəsizlik, nəqliyyat, rəqəmsal inkişaf və regional sabitlik kimi istiqamətləri də əhatə edir.

Dublin səfərinin digər mühüm məqamı Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü oldu. Siyasi baxımdan diqqətçəkən bu görüş 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq sülh gündəliyinin irələdilməsi baxımından əhəmiyyət daşıyır. Tərəflər nəqliyyat və tranzit bağlantılarının inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Xüsusilə TRIPP marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, Azərbaycanın ərazisindən Ermənistana yükdaşımaların həyata keçirilməsi və gələcək tranzit imkanları ilə bağlı müzakirələr regionda yeni əməkdaşlıq perspektivlərinin formalaşdığını göstərir. Vurğulandı ki, ötən ilin noyabrından etibarən Azərbaycanın ərazisi vasitəsilə Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu, siyasi dialoqun praktiki iqtisadi addımlarla müşayiət olunmasının konkret nümunəsidir.
Görüşün əhəmiyyəti ondadır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır. Nəqliyyat, ticarət, sərhəd məsələləri və enerji bağlantıları kimi konkret istiqamətlər müzakirə olunur. Dayanıqlı sülhün təmin edilməsi qarşıda hələ mühüm siyasi və praktiki vəzifələr qoysa da, dialoqun davam etdirilməsi regional sabitlik üçün vacib şərtdir.
Dublin səfərinin digər mühüm nəticəsi Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi oldu. Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanmış Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya sahələrində əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.
Sənəddə Orta Dəhlizin inkişafı, bərpaolunan enerji, müdafiə sənayesi, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığa xüsusi yer ayrılır. Eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də Vaşinqton Sülh Zirvəsinin nəticələri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri vurğulanır. İllik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılıq isə bu əməkdaşlığın davamlı və praktiki müstəvidə inkişafına xidmət edəcək.
Beləliklə, Dublində baş verənlər ayrı-ayrı diplomatik görüşlərin və imzalanmış sənədlərin məcmusundan daha geniş məna daşıyır. Bir tərəfdən, Azərbaycan 2028-ci ildə “Avropa Siyasi Birliyi’nin Zirvə toplantısına ev sahibliyi edəcək. Digər tərəfdən, Ermənistanla sülh gündəliyi üzrə dialoq davam edir, Avropa İttifaqı ilə əməkdaşlıq genişlənir, Böyük Britaniya ilə strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Bütün bunlar Azərbaycanın regional proseslərdəki rolunun Avropa miqyaslı siyasi və iqtisadi gündəliklə getdikcə daha sıx əlaqələndiyini göstərir.
Azərbaycanın qarşısında indi mühüm vəzifə bu beynəlxalq etimadı konkret layihələrə, investisiyalara, nəqliyyat bağlantılarına və davamlı sülh nəticələrinə çevirməkdir. 2028-ci ildə Bakıda keçiriləcək Zirvə toplantısı da bu baxımdan yeni imkanlar yaradacaq. COP29 təcrübəsi ilə qlobal iqlim dialoquna töhfə verən Azərbaycan qarşıdakı illərdə Avropanın siyasi dialoqu üçün də mühüm platformaya çevrilməyə hazırlaşır.
Sahil Tahirli
“Space” televiziyasının Xəbərlər Departamentinin direktoru

Mənbə: qafqazinfo.az