“Ərazidə məktəb yoxdur, uşaqlar uzaq məsafə qət etməli olur”

“Ərazidə məktəb yoxdur, uşaqlar uzaq məsafə qət etməli olur”

“Sumqayıt sənaye şəhəridir. Ölkənin iki böyük sənaye parkı məhz burada yerləşir. Şəhərdə hər il yeni sənaye müəssisələri açılır, Sumqayıtda aparılan abadlıq layihələri sakinlərin istirahət imkanlarını genişləndirib. Dövlət başçısının şəhərə səfərləri çərçivəsində yeni istehsal müəssisələrinin açılması Sumqayıtın sənaye potensialının artmasına təkan verib”.

Bunu deputat Mehriban Vəliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O bildirib ki, şəhərin sənaye parklarında 46-ya yaxın rezident qeydiyyata alınıb, 5,6 milyard manatdan çox sərmayə yatırılıb və 6 500-ə yaxın daimi iş yeri yaradılıb:

“2025-ci ildə təkcə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satılıb. Bunun yarısı, yəni 1,1 milyard manatlıq hissəsi ixrac edilib. Bu göstərici ölkənin həmin il üzrə ümumi qeyri-neft ixracının təxminən 18 faizinə bərabərdir. Sənaye şəhəri kimi insan axını və əhali artımı da diqqəti cəlb edir. Bu da yeni yaşayış massivlərinin yaranmasına səbəb olur.

Sənaye potensialı artdıqca şəhərin yaşayış infrastrukturu da bu inkişafa uyğun yenilənməlidir. Sumqayıtın 2030-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bir sıra məhəllə və mikrorayonlarda köhnə yaşayış binalarının mərhələli şəkildə yenilənməsi planlaşdırılır. Yeni binalar layihələndirilərkən yolların və kommunal şəbəkələrin imkanları, məktəb və bağçalara tələbat da nəzərə alınmalıdır”.

“Hörmətli həmkarlar, hökumət üzvləri!

Sakinlərin çoxsaylı müraciətləri əsasında 29 mindən çox sakinin yaşadığı Yaşıl dərə massivinə diqqətinizi yönəltmək istərdim. Təxminən 550 hektar ərazidə , 4 210 fərdi evin yerləşdiyi massiv əhali tərəfindən salındığından kanalizasiya şəbəkəsi, yol və sosial infrastruktur planlaşdırılmayıb. Massivin yalnız 0,35 hektar sahəsi yaşıllıq zonasıdır. Bu da ekoloji problemlərə səbəb olur.

Sumqayıt şəhərinin kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində “Acı dərə” kanalının boruya alınması istiqamətində şəhərdə xeyli işlər görülüb. Birinci mərhələdə Yaşıl dərə layihədə əhatə olunmayıb. İkinci mərhələdə kanalizasiya və yağış suları şəbəkəsinin qurulmasında Yaşıl dərənin də layihəyə salınması məqsədəmüvafiq olardı.

Bu il şəhər bələdiyyəsinin və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işləri görülüb. Buna görə aidiyyəti qurumlara təşəkkür edirəm. Kanalizasiya şəbəkəsinin qurulması və digər infrastruktur məsələlərinin həlli isə dövlət investisiyası tələb edir.

Massivin öz ərazisində məktəb yoxdur. Uşaqlar uzaq məsafə qət etməli olur və bu, ətraf məktəblərdə şagird sıxlığını artırır. Yaşıl dərədə uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyac var”, - deputat bildirib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az