Rusiya inadından əl çəkmir - Ukrayna ilə bağlı bu variantı da təhlükəli sayır

Rusiya inadından əl çəkmir -

Rusiya Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsinə NATO-ya qoşulmaq perspektivindən ayrı yanaşmır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Diplomatın sözlərinə görə, Moskva Ukraynanın Aİ-yə üzvlüyü ilə NATO-ya daxil olması arasında ciddi fərq görmür. Onun fikrincə, bu iki Qərb təşkilatı arasındakı fərqlər Rusiya üçün artıq o qədər də əhəmiyyətli deyil.

Qeyd edək ki, Ryabkov daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün Moskva üçün qətiyyən qəbuledilməz olduğunu vurğulamışdı. Rusiya tərəfi dəfələrlə Kiyevin alyansa qoşulmasının ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.

Rusiya XİN rəhbərinin müavini, həmçinin Aİ və NATO ölkələrini Moskva ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmaqda ittiham edib. Onun iddiasına görə, Qərb dövlətləri hərbi təlimlərin sayını artırır və Rusiyaya qarşı ssenarilər üzrə tədbirlər keçirirlər.

Müəllif: Adəm

Mənbə: publika.az