“Azərbaycanda gənclərin təhsil, məşğulluq və sosial müdafiəsinin təmin edilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, ailə institutunun möhkəmləndirilməsi, region gənclərinin inkişaf imkanlarının genişləndirilməsi və çoxuşaqlı ailələrə dəstək sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib.
O qeyd edib ki, dövlət tərəfindən gənclərin milli-mənəvi inkişafı və vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı layihələr və proqramlar həyata keçirilir. Hər il gənclər siyasətinin təşviqi, daha geniş auditoriyanı əhatə etməsi və gənclərin ictimai fəallığının artırılması prioritet məsələlər kimi müəyyənləşdirilir. Gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğu və peşə hazırlığı ilə bağlı müxtəlif dövlət qurumları tərəfindən layihələr icra olunur. Xüsusilə rəqəmsallaşma və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, onların yeni peşələrə yiyələnməsi və əmək bazarının tələblərinə uyğun hazırlanması mühüm əhəmiyyət daşıyır. Onların işlə təmin olunması, istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətə inteqrasiyası ilə yanaşı, onların mənzil şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu baxımdan güzəştli ipoteka mexanizmləri gənclərin mənzil təminatına dəstək göstərən vasitələrdən biridir.
Z. Nuriyeva region gənclərinin iqtisadi fəallığının artırılmasının vacibliyini də vurğulayaraq bildirib ki, sahibkarlığın inkişafı, ailə təsərrüfatı ənənələrinin davam etdirilməsi və gənclərin regionların sosial-iqtisadi inkişafına cəlb olunması bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.
İctimai birliyin sədri çoxuşaqlı və aztəminatlı ailələrə göstərilən sosial dəstəyin də ailə institutunun möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
“Bu istiqamətdə uşaqların anadan olmasına görə birdəfəlik müavinət, uşağa qulluqla bağlı sosial ödənişlər, çoxuşaqlı analara verilən müavinətlər və ünvanlı dövlət sosial yardımı kimi mexanizmlər tətbiq olunur. Milli-mənəvi dəyərlərin qorunması, müasir ailə modelinin inkişafı və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr cəmiyyətin sosial dayanıqlılığı baxımından mühüm rol oynayır”, – deyə Z.Nuriyeva əlavə edib.
Mənbə: qafqazinfo.az