Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.
Mənbə: unikal.az