Rusiyanın nüvə silahı daşıyan “Sputnik-S” peykini dekabr ayında orbitə çıxara biləcəyi iddia olunur. Belə bir silahın kosmosda partladılması minlərlə peykin fəaliyyətini poza bilər.
Qərb kəşfiyyatının məlumatlarına görə, Rusiya peykin orbitə buraxılması üçün hazırlıqları sürətləndirib. Bildirilir ki, peyk uzun müddətdir Moskva yaxınlığında saxlanılır.
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin hesabatına görə, kosmosda nüvə partlayışı rabitə, naviqasiya və hərbi müşahidə peykləri də daxil olmaqla minlərlə peykin sıradan çıxmasına səbəb ola bilər. Radiasiya zolaqları orbitdə illərlə qalaraq peyklərə zərər verə bilər.
Rusiyanın belə bir sistem hazırladığı barədə məlumatlar ilk dəfə 2024-cü ildə yayılıb. Moskva son iddiaları rədd edib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov xəbərlərin ciddi qəbul edilməməli olduğunu bildirib.
Nüvə silahının Yer orbitinə çıxarılması 1967-ci il tarixli “Kosmik Məkan haqqında” müqavilənin müddəalarına ziddir. Sənəd nüvə və digər kütləvi qırğın silahlarının orbitə yerləşdirilməsini qadağan edir.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az