Elçin Əmirbəyov Kanadada Azərbaycan–Ermənistan sülh prosesini və Zəngəzur dəhlizini müzakirə edib

Elçin Əmirbəyov Kanadada Azərbaycan–Ermənistan sülh prosesini və Zəngəzur dəhlizini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kanadaya işgüzar səfəri çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.

Elçin Əmirbəyov Kanada Senatının spikeri Reymond Qanye, Baş nazirin diplomatik və beynəlxalq məsələlər üzrə baş müşaviri Devid Morrison, xarici işlər nazirinin müavini Arun Tanqarac, beynəlxalq ticarət nazirinin parlament katibi Yasir Naqvi, eləcə də Kanada parlamentinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.

Tərəflər 2025-ci ildə iki ölkənin xarici işlər nazirlikləri arasında keçirilmiş ilk siyasi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb, növbəti məsləhətləşmələrin yaxın vaxtlarda keçirilməsi üçün hazırlıq işlərinə başlanılması barədə razılığa gəliblər.

Həmçinin siyasi dialoqun intensivləşdirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili məqsədilə konkret müddətləri və tədbirləri əhatə edən yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd olunub.

Kanada şirkətlərinin Azərbaycanda enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat və logistika, təhlükəsizlik, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi də görüşlərin əsas müzakirə mövzularından biri olub.

Kanada tərəfinə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar və dayanıqlı sülhün təmin olunması üçün həllini gözləyən məsələlər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti və regional bağlantı layihələrinin Kanada şirkətləri üçün yaratdığı yeni investisiya imkanları müzakirə edilib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Ottavadakı Makdonald-Lorye İnstitutunda təşkil olunan dəyirmi masada və “Allies for a Strong Canada” təşkilatının ev sahibliyi etdiyi tədbirdə də iştirak edib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyi, beynəlxalq münasibətlər sistemindəki rolu, multikulturalizm və dini tolerantlıq ənənələri barədə danışıb.

Mənbə: apa.az