Bu gün İrəvanda Ermənistan dəmir yolunun fəaliyyəti üzrə Rusiya-Ermənistan işçi qrupunun nümayəndələrinin ikinci görüşü keçirilir.
Publika.az xəbər verir ki, danışıqlar qısaldılmış formatda baş tutur.
Rusiya tərəfini Cənubi Qafqaz Dəmir Yollarının baş direktoru Aleksey Melkinov, Ermənistanı isə Ərazi idarəetmə və infrastruktur nazirinin müavini David İvanyan təmsil edir. İclasın gündəliyinə dəmir yolunun fəaliyyəti və onun modernləşdirilməsi ilə bağlı məsələlər daxildir.
Rusiya nümayəndə heyətinin sayının azaldılması, çox güman ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya qarşıdan gələn səfəri ilə əlaqədardır. Görünür, Rusiya tərəfi Ermənistan baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının nəticəsini gözləyir. Görüşdə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunu idarə etmək üçün güzəşt etməsi məsələsinin də müzakirə olunacağı mümkündür.
İrəvan Moskvadan Ermənistanın dəmir yolları üzərində payının bölüşdürülməsini, eyni zamanda, infrastrukturun yenilənməsini istəyir.
Mənbə: publika.az