Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı

Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı

“Rəqəmsal həllərin və süni intellektin inkişafı əmək bazarında yeni dəyişikliklərə səbəb olur. Gələcəkdə daha innovativ və rəqəmsal həllərlə bağlı peşələrin meydana gələcəyini müşahidə edəcəyik”.

Bu sözləri Naxçıvanda jurnalistlərə açıqlaması zamanı Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının əmək bazarının təhlil edilməsi, burada baş verən dəyişikliklər fonunda yeni tədbirlərin və yanaşmaların təqdim olunması da əsas məqsədlərdən biridir.


TRIPP layihəsinin əhəmiyyətinə toxunan Vüqar Bayramov vurğulayıb ki, layihə artıq Ermənistan parlamentində müzakirə olunub və Ermənistanda yolun çəkilməsi ilə bağlı işlərə başlanılıb.

“Azərbaycan isə Zəngəzur dəhlizinin öz ərazisindəki hissəsində işləri tamamlamaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə gələn ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur. 2028-ci ilin sonlarına doğru dəhlizin istifadəyə verilməsini müşahidə edə bilərik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat bağlantısı deyil, eyni zamanda, regionun inkişafına mühüm töhfə verəcək layihədir. Bu dəhliz Türk dünyasını quru yolu vasitəsilə birləşdirəcək, eyni zamanda, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına imkan yaradacaq.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı baxımından da yeni imkanlar açacaq.

Nəzərə alsaq ki, artıq 2026-cı ildən Naxçıvan Muxtar Respublikasında Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən vergi rejiminin tətbiqinə başlanılıb, bu çərçivədə istehsalla bağlı investisiyalar 10 il müddətində bir sıra vergilərdən azad edilir. Eyni zamanda, idxal olunan investisiya təyinatlı məhsulların əlavə dəyər vergisindən azad edilməsi kimi güzəştlər də nəzərdə tutulur. Bütün bunlar, bir tərəfdən Zəngəzur dəhlizi ilə bağlı aparılan intensiv işlər, digər tərəfdən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının dəstəklənməsi məqsədilə vergi sahəsində və dövlət proqramlarında həyata keçirilən dəyişikliklər muxtar respublikanın inkişafı üçün yeni imkanlar yaradır.

Prezidentin son səfəri və səfər çərçivəsində investisiya qoyuluşu ilə bağlı qəbul edilən qərarlar da Naxçıvan Muxtar Respublikasında investisiyaların artmasına, iqtisadi inkişafın daha da güclənməsinə imkan yaradır.


Bu baxımdan həm Zəngəzur dəhlizi layihəsi, həm Naxçıvan Muxtar Respublikasına dövlət dəstəyinin artırılması muxtar respublikanın inkişafına, iqtisadiyyatın daha intensiv, sürətli və dayanıqlı inkişafına zəmin yaradır”, - deyə deputat əlavə edib.

Mənbə: bizim.media