Müasir dünyada elə bir dövlət yoxdur ki, onu öz qonşuları ilə ərazi mübahisələri, keçmişdə bu zəmində savaşları, çəkişmələri olmasın.
Öz regionumuzdan götürək. Dünyanın və bütün zamanların ən böyük ərazisinə malik olan Rusiyanın, demək olar ki, bütün qonşuları ilə ərazi davası, iddiası var – Yaponiyadan Finlandiyaya, Polşaya, Almaniyaya qədər.
İran da elədir, həm Ərəb/Fars körfəzində, həm şimalında, həm də şərqində və qərbində yerləşən dövlətlərlə sönükmüş ərazi mübahisələrinə malikdir. Ayrıca 200 il əvvəl Rusiya ilə müharibədə itirdiyi torpaqları hələ də “tarixi ərazi”si sayır.
Bu günlərdə Belarusun prezidenti Aleksandr Lukaşenko “tarixi ərazi” söhbətinə sanballı bir möhür vurdu, dedi ki, ona qalsa, gərək bütün Rusiya ərazisi Monqolustanın olsun.
Gerçəkdən də, hansı dövlət öz güclü vaxtında haralarısa işğal (“fəth” adlandırırlar) edib və bir müddət (lap əsrlərcə) işğal altında saxlayıbsa, bu, ona həmin yerləri öz “tarixi ərazi”si hesab etmək haqqı vermir.
Belə olsa, Teymurilərin vaxtında 70-120 (bəzi bölgələri 70, bəziləri 120) il işğal altında qalan İran müasir Özbəkistanın “tarixi ərazi” sayılmalıdır. Ayrıca, Özbəkistanın özü 127 Rusiyanın tərkibində olduğu üçün rusların “tarixi ərazi”si olur.
Bu məntiqlə müasir ABŞ dövləti Böyük Britaniyanın və Fransanın tarixi torpağıdır. O torpaqlar isə əslində hazırda 99 faizi qırılmış yerli qəbilələrin olub.
Bütün Afrika və Cənubi Amerikada, eləcə də Yaxın və Uzaq Şərqi Asiyadakı çoxaylı dövlətlər Fransanın, Böyük Britaniyanın, İspaniyanın, Niderlandın, Portuqaliyanın, Türkiyənin “tarixi ərazi”ləridir.
Halbuki bu “tarixi ərazi” məsələsinin dərinliyinə varılsa, keçmiş imperiyaların varisi olan müasir dövlətlərin nəinki onların üzərində hər hansı bir haqqı var, hətta əsrlər öncəki işğala, istismara, əsarətə görə müasir yeni dövlətlərə təzminat ödəməlidirlər.
Qonşulumuzda yerləşən 4 dövlətin (Rusiya, İran, Ermənistan və Gürcüstan) bizə qarşı ərazi iddiası var. Biz də yeri gələndə ictimai müstəvidə onlara qarşı ərazi iddiaları irəli sürürük, “Dərbənd, Borçalı, İrəvan, Təbriz Azərbaycan torpaqlarıdır” deyirik.
“Tarixi ərazi”lər məsələsində dövlətlər çoxdan anlaşıb, razılaşıblar, hər kəs öz sərhədini bilir, keçmişdə olub-bitənləri kənara qoyur, onları nifaq, savaş predmeti etmirlər. Dövlətlərin içindəki millətçi qüvvələr isə vaxtaşırı bu məsələləri qaldırır, tarixi məxəzlərə istinad edir, “elə olmalıdır”, “belə olmalıdır” kimi ehkamlar kəsirlər.
O cür iddiaların gerçəkləşdirilməsinə çalışmaq sonu görünməyən müharibələrə girişmək deməkdir. Müharibələr isə fəlakətdir, qırğındır, dağıntıdır, hər cür itkidir.
Üç gün öncə Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” klubları arasında Avroliqa çərçivəsində keçirilən matçda baş verən xoşagəlməz hadisələrlə yanaşı, matçdan əvvəl və sonra da sıradışı olaylar yaşanıb. “Beşiktaş”ın azarkeşləri əvvəlcə “Batum 82” pankartı açaraq, onun arxasında toplu şəkil çəkdiriblər. Bu, Batuminin Türkiyənin 82-ci vilayəti olduğunu iddia etmək anlamı daşıyıb. Daha sonra azarkeşlər Batumi aeroportunda “burası Türkiyə” sloqanları səsləndiriblər.
Bu, futbol azarkeşlərinin edə biləcəyi işdirmi? Mənası nədir? Bir futbol klubunun azarkeşləri tələb edir deyə bir dövlət ərazisinin bir hissəsini başqa dövlətə verməlidir?
Vaxtilə rusiyalı azarkeşlər “Krım naş”, “Donbas naş” deyə çığır-bağır salırdılar, axırı nə oldu? Rusiya və Ukrayna arasında gedən qırğının beşinci ili 3 aydan sonra tamam olacaq. Bu savaşda milyonlarla gənc insanın qanı axıb, iki qardaş xalq düşmən olub, milyonlarla insan öz ev-eşiyindən didərgin düşüb.
Hərbi komissarlıqdan çağırış vərəqəsi gələndə qaçıb gizlənən, daha sonra ortaya çıxıb “Qazaxıstanın şimalı bizimdir”, “Qırğızıstanın dövlətçiliyi olmayıb, ora rus torpağıdır”, “Azərbaycanı İrandan qoparıb rus torpağı etmişik”, “Qafqazda Ermənistan dövlətini biz qurmuşuq” deyən neo-nasistlərə qalsa Rusiya bütün qonşuları ilə müharibə aparmalıdır.
Bəs bu müharibələrdə kim vuruşacaq? Şimali Koreyadan gələn əsgərlər, muzdlular, etnik azlıqların övladları...
Bu məsələdə yalnız Avropa dövlətləri və xalqları haqqın yolunu tapıblar – bir-birinə ərazi iddiası irəli sürmürlər, anlayırlar ki, Köniqsberq vaxtilə Almaniyanın olub, amma indi Rusiyanın şəhəridir və adı Kalininqraddır, Strasburq alman şəhəriydi, indi Fransanın şəhəridir. O biri əldən-ələ keçmiş şəhərlər də eləcə. Niderland və Fransa Belçikanı bölüb öz paylarını götürmək niyyətində deyillər. Qonşuluqdakı böyük dövlətlər Lixtenşteynə, Lüksemburqa, Andorraya, San-Marinoya, Monakoya “tarixi ərazi” prizmasından yanaşmır, öz torpaqlarına qatmaq istəmirlər.
Ancaq Şərqdə Çin dövləti dirəşib ki, Tayvanı yenidən Çin ərazisi etsin. ABŞ-nin iradəsi və təhdid olmasa, Pekin bu niyyətini müharibə yolu ilə günü bu gün həyata keçirər.
Prinsip belə olmalıdır: keçmiş şücaətlər və nailiyyətlər (fəthlər-filan) tarixdə qalıb, müasir dövlətlər sadəcə öz sərhədlərini qorumalıdır, onun daxilindəki əraziyə qane olmalıdırlar.

Uzun illərdən sonra Ermənistan dövlətinin indiki rəhbərliyi bu həqıqəti anlayıb, baş nazir Paşinyan sinəsinə başçılıq etdiyi dövlətini sərhədlərini əks etdirən döş nişanı ilə gəzir.
Mənbə: www.musavat.com