Sülh sazişinə təzminat tələbi salına bilər?

Sülh sazişinə təzminat tələbi salına bilər?

Təzminat məsələsi hər zaman müharibə bitəndən sonra gündəmə gətirilir. Yəni məğlub tərəf kapitulyasiya şərtlərini qəbul etdikdən sonra danışıqlar zamanı təzminat məsələsi də müzakirə edilir.Bu sözləri Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professor təzminat tələbinin rəsmi şəkildə elan edilməli olduğunu bildirib:

“44 günlük müharibənin üzərindən 3 ildən artıq müddət keçsə də, Azərbaycan bu gün, sabah və ümumiyyətlə, istədiyi vaxt Ermənistana qarşı təzminat tələbini irəli sürə bilər. Çünki rəsmi İrəvanın Azərbaycanın ərazisini onillərlə işğalda saxladığı, dağıtdığı, şəhər-kəndləri yer üzündən sildiyi açıq şəkildə ortadadır və vurduğu ziyana görə də təzminat ödəməlidir. Azərbaycan bütün ziyanı hesabladıqdan sonra təzminat tələbini rəsmi şəkildə bəyan etməlidir”.

Fərhad Mehdiyev Azərbaycanın təzminat şərtinin sülh müqaviləsi mətninə salınması haqqını özündə saxladığını vurğulayıb:

“Fikrimcə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istədiyi üçün təzminat məsələsini hələlik gündəmə gətirmir. Digər tərəfdən dövlətimiz Ermənistanın irəli sürüləcək təzminatı ödəmək imkanının olmadığını bilir. Bu məsələ işğal dövründə rayonlarımızın qarət edilməsi, dağıdılması, eyni zamanda Gəncənin, Bərdənin raket atəşinə tutulması da daxil olmaqla, bir çox məsələləri əhatə edir. Azərbaycanın bu haqqından imtina edəcəyini düşünmürəm”.

Mənbə: axar.az