Azərbaycanın həm Şərq, həm də Qərb dairələri ilə balanslı münasibətlər qurması, ölkənin geosiyasi dəyərini yalnız enerji və logistika sahələrində deyil, həm də diplomatik mərkəz kimi önə çıxarır.
May ayında İsrailin Baş naziri Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri maraqla gözlənilir. Bəzi ekspertlərin fikrincə, Ankara və Təl-Əviv arasında gərginliyin azaldılması məqsədilə Bakıda liderlərin görüşü də baş tuta bilər.
Eyni zamanda İran və İsrail arasında ehtimal toqquşma iddiaları fonunda bu iki ölkə başçısının ard-arda Azərbaycana gəlişi xüsusi diqqət çəkir. Bakının Tehran və Təl-Əviv arasında da vasitəçi rolu oynaya biləcəyi iddia edilir. Prezident İlham Əliyevin bu iki düşmən ölkə arasında balansı qoruyaraq hər iki tərəflə əməkdaşlığı davam etdirməsi, Bakını Cənubi Qafqazda unikal və əvəzedilməz bir oyunçuya çevirir.
Politoloq Kamran Sultanlı bildirib ki, sözügedən ssenari reallaşarsa, bu, Azərbaycanın xarici siyasətində mühüm mərhələ olar və ölkənin “yumşaq güc”ünün (soft power) real nəticələr verdiyini göstərər:
“İlham Əliyev uzun illərdir balanslı, çoxşaxəli diplomatiya yürüdür — İsraillə açıq təhlükəsizlik və texnoloji əməkdaşlıq, Türkiyə ilə strateji ittifaq, İranla isə ehtiyatlı, lakin sabit münasibətlər buna nümunədir. Əgər Ərdoğan və Netanyahu Bakıda görüşərsə, bu, təkcə simvolik deyil, həm də geosiyasi baxımdan Azərbaycanı Cənubi Qafqazda yeni bir diplomatik mərkəz kimi göstərər. Eyni zamanda Qərbə və region ölkələrinə siqnal olar ki, Bakı artıq təkcə enerji və tranzit ölkəsi deyil, həm də siyasi dialoqun qurulmasında vasitəçi roluna iddialıdır.
İsrail-İran məsələsinə gəlincə, bu, daha çətin və uzunmüddətli bir prosesdir. Azərbaycan prosesdə vasitəçilik edə bilərmi? Belə bir şey texniki cəhətdən mümkün olsa da, çox ehtiyatlı və mərhələli şəkildə həyata keçirilməlidir. Həmçinin Bakı dialoq üçün neytral bir platforma da təklif edə bilər”.
Politoloq əlavə edib ki, Ərdoğan–Netanyahu görüşünün Bakıda baş tutması, hələlik olduqca çətin və ehtiyatla qiymətləndirilməli bir ssenaridir:
“Reallıq ehtimalını müəyyən edən bir neçə əsas faktor var. Azərbaycanın hər iki tərəflə münasibətləri yaxşıdır — İsraillə hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıq mövcuddur, Türkiyə isə qardaş ölkədir. Bakı hər iki lider üçün “dost mühit” hesab edilə bilər. Ankara – Təl-Əviv münasibətlərində son zamanlar yumşalma müşahidə olunur. Məsələn, səfirlər geri qayıdıb, ticarət davam edir və bəzi gərginliklərə baxmayaraq münasibətlər tam qırılmayıb. Burada Azərbaycanın artan regional nüfuzu da nəzərə alınmalıdır. Bakı COP29-a ev sahibliyi edir və post-münaqişə dövründə Cənubi Qafqazda diplomatik aktivliyi artıb.
Lakin görüşə əngəl olan amillər də var. Məsələn, Qəzza müharibəsi fonunda ictimai və siyasi reaksiya bunlardan biridir. Türkiyədə və regionda İsrailə qarşı ciddi ictimai qınaq var. Ərdoğanın daxili siyasətdə belə bir görüşü əsaslandırması çox çətin olacaq. Həmçinin, hər iki liderin hazırkı mövqeləri də prosesi çətinləşdirir. Ərdoğan hələ də İsraili açıq şəkildə tənqid edir, Netanyahu isə Qəzza məsələsində geri addım atmır. Bu da dialoq üçün real zəminin hələ tam formalaşmadığını göstərir”.
K.Sultanlının sözlərinə görə, qısa müddətdə belə bir görüş real görünməyə bilər, amma uzunmüddətli perspektivdə, xüsusilə müharibə bitdikdən və regional şərait dəyişdikdən sonra Bakıda baş tutması mümkündür:
“Bu halda, Azərbaycan üçün geosiyasi “diplomatik hab” statusu reallığa çevrilə bilər. Amma, şübhəsiz ki, müasir geosiyasi dinamikada hər şey mümkündür. Hətta birbaşa görüş olmasa belə, Azərbaycan artıq İsrail və Türkiyə arasında vasitəçilik edib və bunu uğurla həyata keçirib. Tərəflər Bakıda, şübhəsiz ki, Prezident İlham Əliyev vasitəsilə bir-birilərinə mesajlarını çatdıracaqlar”.
Turan Rzayev
Mənbə: globalinfo.az