Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Vatikandakı görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə çıxışında söyləyib.
“Biz Vatikanda ABŞ Prezidenti ilə saziş bağlamağa hazır olduğumuz barədə danışdıq. Əslində, indi biz Vatikan görüşünün ilk nəticəsini əldə etdik ki, bu da onu həqiqətən tarixi edir”, - deyə Zelenski deyib.
Onun sözlərinə görə, minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndəriləcək:
“Saziş mövcuddur, imzalanıb, ratifikasiya üçün Ukrayna Ali Radasına göndəriləcək. Biz sazişlə bağlı gecikmələrin olmamasında maraqlıyıq. Artıq sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan həqiqətən bərabərhüquqlu müqavilədir.
Bu, Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və ondan daha az vacib olmayan ölkəmizdə hüquqi təcrübənin müasirləşdirilməsi ilə bağlıdır. Razılaşmada heç bir borc yoxdur, Ukraynaya sərmayə qoyacaq Bərpa Fondu yaradılır”, - Ukrayna lideri qeyd edib.
Xatırladaq ki, aprelin 30-da Vaşinqton və Kiyev faydalı qazıntılar haqqında saziş imzalayıb.
Mənbə: qafqazinfo.az