Ukraynanın bu sazişdən qazancı nə olacaq?

Ukraynanın bu sazişdən qazancı nə olacaq?

ABŞ və Ukrayna arasında imzalanan yeni saziş Kiyevə siyasi və iqtisadi zəmanətlərin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri aççıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Vaşinqton və Kiyevin Ukraynanın təbii ehtiyatları ilə bağlı saziş imzalaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ukrayna ilə ABŞ arasında bağlanmış müqavilə əslində Kiyevə bir növ qoruma qalxanı vermək məqsədi daşıyır:

“Çünki dövlətlər tərəfindən Ukraynanı başqa cür qorumaq mümkün deyil – NATO-ya qəbul edilməsi real görünmür. ABŞ isə öz şərtlərini Ukraynaya zorla qəbul etdirmək niyyətində deyil, çünki bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilərdi. Amma müharibəni dayandırmaq və Ukraynaya müəyyən zəmanətlər vermək zəruri idi. Bu baxımdan imzalanmış müqavilə qlobal səviyyədə zəmanət xarakteri daşıyır”.

Ekspertin sözlərinə görə, Ukraynanın mineral resursları və iqtisadi potensialı bu mərhələdə böyük gəlir vəd etmir:

“Müqavilədə qeyd olunur ki, ən yaxşı halda 10 ildən sonra müəyyən gəlir əldə etmək mümkün olacaq. Yəni qarşılıqlı qazanc uzunmüddətli perspektivə hesablanıb. Bu on il ərzində böyük investisiyalar qoyulacaq. Eyni zamanda, Rusiyanın dondurulmuş vəsaitlərinin bir hissəsi də bu proses çərçivəsində Ukraynaya yönəldiləcək”.

Cəfərlinin fikrincə, ABŞ-ın bu addımı həm müharibənin dayandırılmasına, həm də sülh prosesinin irəliləməsinə yönəlib:

“Ukraynaya verilən zəmanət Rusiya ilə danışıqlarda ABŞ-la birlikdə infrastruktur və limanların birgə mülkiyyətdə olduğunu nəzərə alaraq, Rusiyanı həmin obyektlərə zərbə endirməkdən çəkindirməyə hesablanıb. Bu isə atəşkəsin və sülh sazişinin imzalanmasını sürətləndirə bilər”.

Ekspert əlavə edib ki, Kiyev bu razılaşmanı daha tez qəbul etməli idi:

“Əgər 3 ay əvvəl imzalansaydı, bəlkə də artıq atəşkəsin reallığa çevrildiyinin şahidi ola bilərdik”.

Mənbə: axar.az