Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi

Tramp bu “açarı” keçmiş rəqibinə verdi -

ABŞ “Tiflis kartı”na üz tutur; sabiq deputat: “Birləşmiş Ştatlar Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artıracaq”

ABŞ-da son 50 ildə ilk dəfə eyni şəxs həm ölkə diplomatiyasına, həm də təhlükəsizliyinə rəhbərlik edəcək.

“Politico”nun xəbərinə görə, Ağ Evin üç yüksək rütbəli məmuru Marko Rubionun ən azı 6 ay həm dövlət katibi, həm də milli təhlükəsizlik üzrə müşavir vəzifələrində çalışacağını bildirib.

Mənbələrə görə, prezident Donald Trampın bir neçə müşaviri Rubionun hər iki vəzifəni daimi əsasda tutmasında maraqlıdır. Onlardan biri qeyd edib ki, məmurun bu yaxınlarda təyinatı müvəqqəti tədbir kimi görünmür.

“Politico” hesab edir ki, bu təyinat Trampın 2016-cı il praymerizlərindəki keçmiş rəqibi Marko Rubio üçün əhəmiyyətli təkan olub. O vaxt Rubio Trampa şəxsi müstəvidə kəskin hücumlar etmişdi...

Deyirlər, siyasətdə daimi dostlar yox, daimi maraqlar olur. Rubio Trampın etibarını nə dərəcədə doğruldacaq? İki strateji postu eyni şəxsin tutması konkret olaraq Güney Qafqaza, Azərbaycana, Azərbaycan-Ermənistan danışıqlarına nə vəd edir?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Keçmiş millət vəkili Sona Əliyeva Tramp administrasiyasının gələcəkdə gözlənilə biləcək siyasətindən söz açdı: “Marko Rubionun yarım il ərzində həm dövlət katibi, həm də milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərə dair deyə bilərik ki, əgər bu baş verərsə, o zaman Tramp administrasiyası daha sxematik və funksional fəaliyyət göstərəcək. Yəni Tramp Amerikası qarşıdakı dörd il ərzində geosiyasi strateji xətti vahid əldə cəmləşdirmək, bununla da mobilliyi və operativliyi artırmaq niyyətindədir. Eyni zamanda Amerika üçün taleyüklü məsələlərlə bağlı məxfi məlumatların qorunma radiusunu bir qədər məhdudlaşdırmaq istəyirlər. Hadisələrin axarı onu göstərir ki, qarşıdakı dörd il ərzində Tramp Amerikası bütün regional savaşları bitirərək diqqəti Çinə yönəltmək və bu istiqamətdə fəaliyyətdə qeyd-şərtsiz baş aktor olmağa çalışır. Marko Rubio qarşıdakı altı ay ərzində Orta Asiyaya fokuslanmağa cəhd göstərəcək. Oradakı dövlətləri Çinin iqtisadi asılılığından qorumaq və türk ölkələrini buna inandırmaq üçün "Şərqi Türküstana müstəqillik kartı"nı işə salacaq. Eyni zamanda Türkiyədən Orta Asiyaya uzanan və Zəngəzur dəhlizini də içərisinə alan bir yolun işləkliyini və intensivliyini artırmaq üçün Anadoluya və Güney Qafqaza səfərlər edəcək. Yəni Tramp Amerikasından gözlənilən siyasi xətt budur. Güney Qafqazda hələlik bir qədər arxa planda qalacaq ölkə Gürcüstandır. Vaşinqton “Tiflis kartı”nı hər zaman Moskvaya qarşı istifadə edib. Hələlik Birləşmiş Ştatlar Rusiyaya qarşı genişmiqyaslı həmlələr baxımından “taym-aut” götürüb. Çox güman ki, gələcək perspektivləri nəzərə alaraq Birləşmiş Ştatlar yuxarıda sadalanan amilləri nəzərə alaraq Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artıracaq. Eyni zamanda İran məsələsi də ABŞ üçün aktual və açıq qalan məsələdir. İran məsələsində də Ermənistanın platsdarm rolunu oynaması ehtimalı az deyil. Bir sözlə, qarşıdakı altı ay ərzində Rubionun Güney Qafqaz dəftəri bir çox punktlarla zəngin olacaq".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, ABŞ Prezidentinin Milli Təhlikəsizlik Məsələləri üzrə müşaviri olmuş Maykl Uoults kifayət qədər ciddi siyasətçidir və respublikaçılar arasında böyük nüfuzu var: “Onun istefaya getməsinin əsas səbəbini Ağ Ev rəsmilərinin məxfi məsələləri müzakirə etdikləri internet qrupuna səhvən Demokratlara yaxın bir jurnalisti əlavə etməsi ilə əlaqələndirsələr də, hesab edirəm ki, əsas səbəb bu deyil. O, Respublikaçıların "şahin" qanadına malik bir siyasətçidir. Çox zaman da fikirlərini, düşündüklərini açıq söyləyən birisidir. Eyni zamanda indiyədək ölkə prezidenti olmaqla bağlı iddiaları da olmayıb. Görünür, hazırda vəziyyət o haldadır ki, onun digər sahədə fəaliyyəti daha məqsədəuyğun hesab olunub və özü də bununla razılaşıb. Marko Rubio isə prezidentliyə iddiası olmuş və bu gün də o fikrindən geri çəkilməmiş bir siyasətçidir. Hazırda həm də milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini ilkin olaraq 6 aylıq daşıması onun bu istiqamətdə karyerasına ciddi təkan verə biləcək bir hadisədir. Növbəti prezident seçkilərində Tramp namizəd olmayacağı halda vitse-prezident Vensin namizəd olacağı ilə bağlı fikirlər dolaşırdı. Amma o da artıq sirr deyil ki, onun prezident olması ilə bağlı Respublikaçıların yüksək eşelonunda fərqli düşünənlər var. Hazırda iki vəzifəni daşımaqla və bunu layiqincə yerinə yetirəcəyi halda Marko Rubionun namizəd olacağı perspektivi daha şanslı görünür. Amma bu, Donald Trampın istəyindən asılı bir məsələ olacaq. 6 aydan sonra yeni müşavir təyin edə də bilər, müddəti uzada da bilər. Belə görünür ki, bu cür ssenarinin olması Trampı da qane edir. Rubionun zamanında Trampla rəqib olması, hətta ona hücumlar etməsi belə bir ssenarinin olması ehtimallarını arxa plana atmır. Sonunda Rubio Donald Trampın müəyyənləşdirdiyi xətt üzrə fəaliyyət göstərəcəyi ilə dövlət katibi təyin olunanda razılaşıb. Digər tərəfdən, təcrübə göstərir ki, vaxtilə rəqib olan siyasətçilər sonradan eyni hədəflər uğrunda birgə mübarizə aparıblar. Düşünürəm ki, Marko Rubioya Donald Tramp inanır, iki vəzifəni daşımaqla onun səlahiyyətlərinin və nüfuzunun artmasından çəkinmir. O səbəbdən Rubio Cənubi Qafqazla bağlı Trampın siyasətini həyata keçirtməklə məşğul olacaq. Bu isə eyni zamanda Rusiya-Ukrayna məsələsinə yanaşmadan asılı olacaq. Bu siyasət hansı istiqamətdə olursa-olsun nəticədə Trampın müəyyənləşdirəcəyi siyasət olacaq. Hesab edirəm ki, fors-major hadisələr baş verməsə, böyük ehtimalla indiyədək olan yanaşmadan ciddi fərqlənəcək bir münasibətin şahidi olmayacağıq".

Cavanşir ABBASLI

Mənbə: musavat.com