Sərkisyanı Şuşa ilə bağlı sevindirən söz: “Səhər saatlarında dedilər ki…”

Sərkisyanı Şuşa ilə bağlı sevindirən söz:

Ermənistanın keçmiş prezidenti, Birinci Qarabağ müharibəsinin aktiv iştirakçılarından və Xocalı qatillərindən Serj Sərkisyan Şuşanın 1992-ci il mayın 8-də işğal edilməsi ilə bağlı yeni detalları açıb.

O, ermənilər arasında “Dağlarda toy” kimi təqdim olunan əməliyyatla bağlı bəzi məqamları paylaşıb.

Sərkisyan Şuşa istiqamətində gedən döyüşlər zamanı digər separatçılarla dialoqunu xatırladıb:

“Hər dəfə “şuşi” (ermənilərin Şuşaya qoyduqları qondarma ad – red.) haqqında yazanda Valeri Çitçyanın rus dilində dediyi “düşməni görmürəm” sözləri qulağımda səslənir. Həmin il mayın 9-u səhər saat 5-6 arası idi, o, bu cümləni ikinci dəfə dedi. Beləliklə, artıq “şuşi”ni ələ keçirdiyimizi anladıq.

O şəhərdə qazanadığımız uğur qələbəmizi təmin etdi. Çünki ilk növbədə döyüşçülərimiz və xalq arasında ruh yüksəkliyi yarandı. Əgər uğursuz olsaydıq, müharibədə məhvə məhkum olardıq. “Şuşi” əməliyyatının komandiri Arkadi Ter-Tadevosyan idi. Biz düşmənin ən bacarıqlı batalyonu ilə savaşırdıq. “Şuşi” qələbəsi müharibənin taleyini müəyyənləşdirdi”.

Qeyd edək ki, Sərkisyanın iddia etdiyi kimi, Şuşada Azərbaycanın “ən bacarıqlı batalyonu” döyüşməyib. Ümumiyyətlə, həmin illərdə Azərbaycanda vahid ordu formalaşmamışdı. Ölkənin müxtəlif yerlərindən toplaşmış qəhrəmanlar könüllülər məhdud heyət və silahla şəhəri müdafiə etməyə çalışırdı. Lakin xarici qüvvələrin erməni tərəfinə həm hərbi, həm də kəşfiyyat baxımdan dəstək verməsi, eləcə də ölkədaxili xaos səbəbindən Şuşanın müdafiəsi mümkünsüz oldu. Nəticədə şəhər 1992-ci il mayın 8-də itirildi.

2020-ci il noyabrın 8-də isə Azərbaycan Ordusu dünya tarixinə qızıl hərflərlə yazılacaq əməliyyatla Şuşa şəhərini işğaldan azad etdi.

Ayşən Mustafa

Mənbə: globalinfo.az