Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.
Məhkəmədə işğal zamanı ermənilərin çəkdiyi videomateriallar təqdim olunub.
Eyni zamanda məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında zərərçəkmiş Zabil Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.
Zabil Səfərov 1995-ci ilin noyabrında girovluqdan azad edilib.


Mənbə: qafqazinfo.az