Ukrayna və Macarıstan arasında daha bir diplomatik qalmaqal yaşanır.
Buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub.
UTX-nin yaydığı rəsmi məlumatda qeyd olunur ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatya vilayətində fəaliyyət göstərən macar hərbi kəşfiyyatçılarını ifşa edib. Onların əsas vəzifələri regionda hərbi təhlükəsizliyin vəziyyəti haqqında məlumatların toplanması, yer və hava hücumundan müdafiədə zəif nöqtələrin axtarışı, Macarıstandan mümkün bir işğal halında yerli əhalinin əhvali-ruhiyyəsinin və reaksiyalarının öyrənilməsi olub.
Xüsusi əməliyyat çərçivəsində UTX Macarıstan kəşfiyyat xidmətinin karyera zabitinin nəzarəti altında işləyən iki agenti saxlayıb. Hər iki məhbus hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilindikləri barədə məlumatlandırılıb. Ukrayna qanunlarına görə, onları ömürlük həbs gözləyir.
Macarıstan Xarici İşlər Nazirliyi dərhal öz kəskin mövqeyini açıqlayıb. Ölkənin xarici işlər naziri Peter Siyarto "Facebook" səhifəsində bu barədə bəyanat verib. O, bu addımı Ukraynanın qərəzli təbliğatı kimi qiymətləndirib.
Macarıstan buna cavab olaraq iki ukraynalı diplomatı ölkədən çıxarıb.
Mənbə: publika.az