ABŞ və Avropa müttəfiqləri Ukraynada 30 günlük atəşkəslə bağlı yekun təklifi demək olar ki, razılaşdırıblar. Moskvanın bu təklifi rədd etməsi halında yeni sanksiyaların birgə tətbiqi nəzərdə tutulur.
Bu barədə “Röyters” Fransanın diplomatik qurumundakı mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışını təkrar edib və hərbi əməliyyatlar davam edəcəyi təqdirdə tərəfdaşlarla birgə sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.
“Ukrayna bu təkliflə çoxdan razılaşıb, lakin Rusiya bundan yayınmağa çalışır. Xüsusilə, o, (Prezident Vladimir Putin - red.) 8-10 may tarixlərində, Hitler Almaniyasının məğlubiyyətinin 80 illiyini qeyd etmək məqsədilə birtərəfli qaydada üç günlük atəşkəs elan edib. İndi isə Rusiya qarşısında son seçim qoyulacaq.
Layihəni hələ tam yekunlaşdırmamışıq, amma ümid edirik ki, yaxınlaşma mərhələsindəyik. Gələn saatlarda və ya günlərdə 30 günlük və ya mərhələli atəşkəsin elan edilməsi mümkündür – bu məsələ hələ də müzakirə olunur”, – deyə diplomatik mənbə anonimlik şərti ilə bildirib.
Mənbə: axar.az