Analar Günündə sülh və ədalət çağırışı - Ərdoğan dünyaya mesaj verdi

Analar Günündə sülh və ədalət çağırışı -
“Terrorsuz Türkiyə hədəfinə doğru qətiyyətlə irəliləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ana ilə Güclü Ailə, Ailə ilə Güclü Türkiyə” proqramında çıxışı zamanı deyib.

Prezident bildirib ki, 40 ildir hər təbəqədən vətəndaşa dərin ağrılar yaşadan, anaların qəlbinə od salan və millətin birliyini hədəf alan terror bəlasından Türkiyəni xilas etməkdə qərarlıdırlar.

“Terrorsuz Türkiyə hədəfinə doğru qətiyyətlə irəliləyirik. Əsasını demokratiya, inkişaf, sabitlik və ədalətin təşkil etdiyi Türkiyə Əsri’ni birlikdə quracağıq. Hər an müjdələr ala bilərsiniz və alacaqsınız”, – o deyib.

O, eyni zamanda 19 aydır davam edən Qəzza soyqırımı zamanı şəhid olan minlərlə qəzzalı ananı da rəhmətlə andığını söyləyib. Bu il də acıların kölgəsində Analar Gününü qeyd etdiklərini vurğulayan Türkiyə lideri əlavə edib:

“Fələstin, Suriya, Livan, Somali, Sudan, Yəmən və digər yerlərdə analar, atalar və uşaqlar müharibə, aclıq, xəstəlik və dərmansızlıqla mübarizə aparır. Hara baxsaq, uşaqlar, qadınlar ölür. Qəzzada yemək növbəsində gözləyən günahsız insanlar, dağıntılar içində sağ qalmağa çalışan məzlumlar vəhşicəsinə qətlə yetirilir. Türkiyə olaraq bu ağrıların və çətinliklərin sona çatması üçün əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik. Dua edirəm ki, Analar Gününün gözəlliklərlə qeyd olunduğu bir dünya görmək bizə nəsib olsun”.

Aysel Əliyeva

Mənbə: globalinfo.az