Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa və məzmunlu danışıqlara hazır olduğunu bəyan edib.
Bu barədə o, rəsmi sosial şəbəkə hesablarında yayımladığı videomüraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, gün ərzində bir sıra mühüm diplomatik təmaslar baş tutub. O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirilib.
Zelenski Ərdoğana Ukraynaya göstərdiyi davamlı siyasi və diplomatik dəstəyə görə təşəkkür edib. O bildirib ki, Türkiyə Prezidenti həm də Rusiya ilə Ukrayna arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu ifadə edib. Xüsusilə, belə bir görüşün İstanbulda keçirilməsi ehtimalı müzakirə olunub.
Ukrayna lideri qeyd edib ki, hazırda diplomatik səylər daha da intensivləşdirilib və ölkəsi sülhə doğru konkret addımlar atmağa hazırdır. O, bir daha vurğulayıb ki, danışıqlar yalnız real, açıq və konkret mövzular üzərində qurulmalı, Ukraynanın ərazi bütövlüyü və suverenliyi prinsipial şərt olaraq qalmalıdır.
Zelenski sonda bildirib ki, Türkiyənin bu məsələdə vasitəçi kimi fəal rolu mühüm əhəmiyyət kəsb edir və Kiyev bu səyləri yüksək qiymətləndirir.
Mənbə: bizim.media