“Hindistan prosesə xələl gətirə biləcək addımlar atmamalıdır”

“Hindistan prosesə xələl gətirə biləcək addımlar atmamalıdır”

“Azərbaycanın xarici siyasətində rəhbər tutduğu prinsiplər BMT nizamnaməsində əks olunub”.

Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə bildirib.

“Hindistanın Ermənistanla olan münasibətləri, silah ötürülməsi və s. faktlar qeyd edildi. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesinə Hindistan və digər üçüncü tərəflər xüsusi diqqətlə yanaşmalıdır. Bütün dövlətlərdən, o cümlədən Hindistandan gözləntilərimiz budur ki, prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın. Azərbaycanın Hindistanla münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərik ki, Hindistan olduqca vacib, həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərindən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib.

Ermənistan Baş nazirinin sülh kəsişməsi konsepsiyası ilə bağlı isə deyə bilərik ki, bütün dövlətlərin bu cür təşəbbüslərə münasibəti məhz onların səmimiliyindən və müəyyən qədər fonda baş verən siyasi inkişaflardan irəli gələn bir şeydir”, - deyə Y.Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, burada bütün dövlətlərin münasibəti və hər bir təşəbbüsün gələcək taleyi onun nə qədər səmimi olmasından və bu səmimiyyətin arxasında duran real praktiki addımlardan aslıdır: “Bu praktiki addımların da nə qədər müşahidə olunacağına da baxacağıq”.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az