Xəbər verdiyimiz kimi İmişlinin Sarıxanlı kəndində Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının simvolu sayılan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ictimaiyyətin tənqidinə tuş gəlib. Hadisə cəmiyyətdə narazılıq yaradıb.
Milli Məclisin İmişlidən olan deputatı Razi Nurullayev bildirib ki, məlum hadisədən sonra aidiyyəti qurumlar operativ şəkildə tədbir görərək Saleh Səmədovu vəzifəsindən azad ediblər:
“SSRİ bayrağının dalğalandırılmasını düzgün hesab etmirəm. Bəli, SSRİ-ni bəzi insanlar sevə bilər. Lakin unutmamalıyıq ki, 1990-cı ilin 20 Yanvar faciəsində məhz sovet qoşunları Azərbaycan xalqına qarşı qətliam törədib. Qarabağ münaqişəsində də SSRİ-nin varisi olan Rusiya separatçı ermənilərə dəstək verib. Birinci və İkinci Qarabağ müharibələrində 30 minə yaxın şəhid vermişik, 80-100 min insan isə yaralanıb. Bu tarix unudulmamalıdır.
Razi Nurullayev
Azərbaycan artıq müstəqilliyini bərpa etmiş bir dövlətdir və yenidən hər hansı bir ölkənin bayrağı və ya təsiri altına girmək fikrimiz yoxdur”.
Safura Bənnayeva
Mənbə: globalinfo.az