Pentaqon İranın Əl-Udeyd aviabazasına endirdiyi zərbə ilə bağlı bəyanat yayıb

Pentaqon İranın Əl-Udeyd aviabazasına endirdiyi zərbə ilə bağlı bəyanat yayıb

ABŞ Müdafiə Nazirliyi İranın Qətərdəki Əl-Udeyd aviabazasına bir neçə qısa və orta mənzilli raketlər atdığını təsdiqləyib.

Bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilib.

"Hazırda amerikalı hərbi qulluqçular arasında itkilər barədə məlumat daxil olmayıb. Biz vəziyyətin gedişatını diqqətlə izləyirik", - Pentaqonun açıqlamasında qeyd edilib.

Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raket zərbələri endirib.

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.

Mənbə: az.trend.az