Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən biri olan Şahin Şıxlinski azadlığa buraxılıb.
Bu barədə məlumatı Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu verib.
Rauf Arifoğlu bildirib ki, Şahin Şıxlinskinin azadlığa buraxılması məsələsinə tanınmış hüquqşünas, professor İlham Rəhimov şəxsən müdaxilə edib və məsələni nəzarətə götürüb.
Rauf Arifoğlu
Rauf Arifoğlu qeyd edib ki, o, bu barədə şəxsən İlham Rəhimovla danışıb və Şıxlinskinin azad edildiyi barədə məlumat alıb. İlham Rəhimov deyib ki, bu barədə o, Rusiya İstintaq Komitəsinin sədri Bastırıkindən xahiş edib: "İndicə Şahinlə danışdım, azadlıqda olduğunu dedi və təşəkkür etdi".
İlham Rəhimov
Xatırladaq ki, bir neçə gündür Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təzyiqlər və hücumlar artmaqdadır. Xüsusən də Rusiya hüquq-mühafizə orqanlarının Ural bölgəsində keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı Səfərov qardaşları – Hüseyn və Ziyəddin Səfərov – xüsusi təyinatlı OMON dəstələri tərəfindən öldürülüb. Həmin əməliyyatda daha bir neçə azərbaycanlı saxlanılıb və bəziləri xəsarət alıb.
Bu hadisələrdən sonra Yekaterinburqda yaşayan Azərbaycan diasporunun üzvlərinə qarşı basqıların artdığı müşahidə olunurdu. Dünən isə məlum olmuşdu ki, diasporun yerli liderlərindən Şahin Şıxlinski oğlu ilə birlikdə avtomobilində olarkən Rusiya polisi tərəfindən saxlanılıb.
Bunun ardınca Azərbaycan cəmiyyətində, o cümlədən sosial şəbəkələrdə böyük narahatlıq yaranmışdı. Professor İlham Rəhimovun bu məsələyə müdaxiləsi və rəsmi dairələrə təzyiqləri nəticəsində Şıxlinskinin azadlığa buraxıldığı bildirilir.
Beləliklə, hazırda Şahin Şıxlinski və onun ailəsi azadlıqdadır.
Mənbə: musavat.com