Hamı üstümüzə gələcək, Azərbaycan bizi parçalayacaq - Rus politoloq

Hamı üstümüzə gələcək, Azərbaycan bizi parçalayacaq -

Keçmiş FSB polkovniki, Donbas separatçısı, siyasi ekspert İqor Strelkov rəsmi Bakının ünvanına təhqir və hədyanlar yağdırıb.

O, Rusiya mediasına açıqlamasında Azərbaycanı Rusiyanın ehtimal olunan hərbi düşməni adlandırıb.
Azərbaycan diasporu ilə bağlı vəziyyətə, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə toxynan Strelkov qeyd edib ki, bütün bunlar çox gözlənilən idi:
"Bakının Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi, kifayət qədər sürətlə anti-Rusiya mövqelərinə keçməsi üçün dəqiq müəyyən edilmiş vektoru olmasaydı, o zaman Rusiya ərazisində etnik azərbaycanlıların həbsi, hətta ölümü rəsmi Bakını qətiyyən narahat etməzdi. Hər şey sakit, dinc olardı. Siyasi sifariş var. Rusiya hüquq-mühafizə orqanlarının nə dərəcədə qanuna uyğun hərəkət etdiyini və ya hər hansı pozuntuya yol verilib-verilmədiyini söyləməyə hazır deyiləm, lakin bu, mümkündür. Heç nə bilmədiyim üçün qiymət verməyəcəyəm. Amma cinayətkarların həbsi dövlətin daxili işidir, hətta cinayətkarlar xarici vətəndaşlar olsa belə. İndiki halda bunlar hətta nəzəri cəhətdən mümkün olan ikinci Azərbaycan vətəndaşlığı olsa belə, xarici vətəndaş deyil, Rusiya vətəndaşlarıdır".
Strelkov iddia edib ki, uzun müddətdir, Azərbaycan Rusiya ilə intensiv şəkildə yeni qarşıdurma nöqtələri axtarır. O, bu məsələdə Türkiyənin Azərbaycandan istifadə etdiyini bildirib və ölkəmizin ünvanına aşağılayıcı fikirlər səsləndirib:
"Rusiyada Cənubi Qafqaz cəbhəsinin yarana biləcəyi ehtimalını hələ həbslərdən əvvəl proqnozlaşdırmışam. Türkiyənin vassalı Azərbaycanın da mütləq qoşulacağı müharibə ehtimalını dəfələrlə qeyd etmişəm. İndi İran, Amerika-İsrail zərbələri ilə zəiflədiyinə və bu zərbələrdən sonra Azərbaycana təzyiq göstərə bilməyəcəyinə görə, Bakı faktiki olaraq təxribatçı rolunda çıxış edir. Azərbaycan başa düşür ki, bütün hərbi qüvvələrimiz Qərb cəbhəsindədir və Rusiyaya Azərbaycanı öz yerində oturtmaq çox çətin olacaq. Münasibətləri korlamaq və mahiyyət etibarı ilə Rusiyanın opponentlərinin “dəyirmanına su tökmək” onların yaxın gələcəkdə də edəcəkləri işdir və bu proses artacaq. Zelenskinin Əliyevə nəyə görə təşəkkür etdiyini bilmirəm. Tamamilə mümkündür ki, məhz Azərbaycanın istehsal etdiyi dronların tədarükü üçün olub. Ola bilsin ki, silah-sursat tədarükü üçün. Məlum olduğu kimi, Azərbaycan Sovetdən qalan silah və sursatı Ukraynaya satırdı. İstənilən halda Azərbaycan bizim ehtimal olunan hərbi rəqibimizdir, Əliyev isə həmişə bizim düşmənimiz olub və belə də qalır, çünki o, Türkiyənin müttəfiqidir. Biz hələ də Türkiyə ilə gizli düşmənçilik edirik. Daha bir “Qafqaz düyünü” bağlanır və bu, Rusiyanın ən mühüm problemini həll etmədən, yəni Ukrayna müharibəsində qalib gəlmədən kəsilməyəcək düyünlərdən biridir".
Strelkov onu da qeyd edib ki, Rusiya qələbə əldə edərsə, bir çox problemlər öz-özünə aradan qalxacaq:
"O zaman hamı bizə yaltaqlanacaq. Qalib gələ bilməsək, hamısı bizi parçalamağa tələsəcək. Azərbaycan birinci olacaq. Azərbaycanın ardınca digər rəsmi müttəfiqlərimiz və qonşularımız da gələcək. Artıq Qazaxıstan ərazisində düşmənin PUA-ları fəaliyyət göstərir və aydındır ki, onlar Ukraynadan oraya uçmayıb. Onlar açıq-aşkar Qazaxıstan ərazisindən atılıb, Xarici İşlər Nazirliyimiz və təbliğatımız münasibətləri daha da gərginləşdirməmək üçün sadəcə olaraq, susmağa çalışır. Rusiya ictimaiyyətini qorxutmamaq üçün. Zəiflər döyülür. Əsl güc nümayiş etdirməsək, hamı bizi döyəcək, camaat bizi tapdalayacaq”.
Elnur

Mənbə: www.bakupost.az