ZİRVƏ-dəki liderlərin iqlimi...

ZİRVƏ-dəki liderlərin iqlimi...

Məhz və yeganə hadisə kainatdakı iqlim dəyişikliyidir. Biz havadan, sudan, ağacdan danışırıq, iqlim deyəndə təbiəti düşünürük, əslində doğru edirik. Doğrunun bir nidası da olmalıdır, həm də nida ölkəsinin adamlarında. Doğrunun nidası odur ki, insanın daxili iqlimi dəyişib. Baş verən nahaq müharibələrin kökündə səbəbkarın iqlimindəki qlobal dəyişiklikdir.

Xankəndidə ZİRVƏYƏ çıxmışdılar. O liderlərin varlıq iqliminə baxaq. Dəyişibmi? Əsla! İran Prezidenti Xankəndidə. Bu xəbər möhtəşəm xəbər deyilmi? Möhtəşəm xəbərin ünvanı barədə mənfi iqlim səviyyəsində danışmaq düz olmaz.

Üç nəfər bir araya gəlirsə, elə ittifaqdır. İlham Əliyev, Məsud Pezeşkian, Sadır Japarov, Məhəmməd Şahbaz Şərif, Emoməli Rəhmon, Rəcəb Tayyib Ərdoğan, Oljas Bektenov, Əbdül Qəni Bəradər, Ersin Tatar birlikdə əsl iqlim ittifaqıdır. Lap dəqiqi Sülh İqlimi İttifaqı. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət başçıları müharibə istəməyən, Azərbaycan nümunəsində əks hücum xarakterli müharibəni sülhün bərqərarı naminə 44 günə qələbə ilə yekunlaşdıran, Qafqazda o sülhü qoruyan bir ölkədən danışıram.

Həmin ölkənin mirvari şəhərində ZİRVƏ hərfi mənada həm də Şuşaşdır. Əfsanələr yaratdı bu iki şəhər. Atmosfer təbəqəsi qurdular, atmosfer yaratdılar. İqlimi təmiz birlik yaxşı nə varsa onu cücərdər.

Xankəndidə 5 il öncə səpilən toxumlar ZİRVƏDƏ gül açmışdı.

Ağır dünyadır. Sevinmək gətirən hadisələr azalır, xəbərlər də qara rəng qataraq bir az da prosesi sürətləndirir. Görün neçə illərdir daha şad xəbərə həsrət deyilik. Qara xəbərli dünyada ağ xəbərlərimiz boldur. Şəxsi faciələr yaşayanların dözümləri qarşısında baş əyirəm və göz dəyməsin deyə, pıçıltı ilə deyirəm. bəlkə həyatlarında şəxsi faciə yaşayanlara dözüm, əzim, yaşamağa hörmət hissini aşılayan Vətən hissidir. 2020-dən Vətən bizi neçə-neçə xoş xəbərlə müjdələmədimi?

Növbəti xoş xəbərin mübarək, Vətən, Dövlət! ZİRVƏ-dəki liderlərin səmimiyyətinin eşqinə əminəm ki, xalqları da ittifaqın möhkəmlənməsinə, iqlimi təmiz liderlərlə genişlənməsinə böyük dəstək göstərəcəklər. Xalq ən vacibidir. Zirvə amalı ətrafında birləşmək nə gözəl. Zirvəyə elə təmiz hava almaq üçün çıxırlar. Adi özümüz, xoş təbiətli mənzərə görəndə o barədə başqalarına da danışırıq, onların da həmin yerlərə getmələrini tövsiyə edirik. Liderlər zirvəyə çıxdılar, iqliminin xoş olduğunu dəqiqləşdirdilər - xalqlara yol açdılar.

Bu, yeni və təmiz yoldur.

Ceyhun Musaoğlu

Mənbə: qafqazinfo.az