İsrail Prezidenti İsxak Hersoq Qəzza zolağında girovların azad edilməsi üçün çətin qərarlar qəbul edilə biləcəyini bildirib.
Bu barədə "Jerusalem Post" məlumat yayıb.
"İsrailin baş nazirinin Vaşinqtona səfəri girov qardaşlarımızın azad edilməsinə dair razılaşmanın əldə olunmasına yönəlmiş mühüm missiyadır. Bu tapşırığı yerinə yetirmək bizim ən yüksək mənəvi borcumuzdur. Mən bu səyləri tam dəstəkləyirəm - hətta çətin, mürəkkəb və ağrılı qərarları ehtiva etsələr belə", - İsrail prezidenti bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu cümə axşamı Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini və danışıqlar üçün Dohaya nümayəndə heyəti göndərib-göndərməmək məsələsini müzakirə etmək üçün təhlükəsizlik kabinetini toplayıb. İsrail rəsmiləri Fələstinin radikal HƏMAS hərəkatının Qətər və ABŞ-ın təzyiqi altında tələblərini yumşalddığını bildirib.
2023-cü il oktyabrın 7-də minlərlə silahlı HƏMAS yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq Netanyahu ölkəni müharibə vəziyyətində olduğunu elan edib. Girovların qaytarılması və radikal hərəkatı tamamilə məhv etmək məqsədi ilə quru əməliyyatına başlanılıb.
Hüseyn İbadlı
Mənbə: publika.az