Akkreditasiyadan keçmədi, magistr qəbulu dayandırıldı – Qızlar Universitetində nə baş verir?

Akkreditasiyadan keçmədi, magistr qəbulu dayandırıldı – Qızlar Universitetində nə baş verir?
Xəbər verdiyimiz kimi, Akkreditasiya Şurasının növbəti iclasında 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiyanın, həmçinin 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi” və "Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Qəbul edilən qərarlara əsasən, Bakı Qızlar Universitetinin institusional akkreditasiya üzrə yekun nəticəsi "uyğun deyil” qiymətləndirilib və ali təhsil müəssisəsi akkreditasiya olunmuş hesab edilməyib. Bundan əlavə, universitetin "İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqramı da akkreditasiyadan keçməyib. Digər ali təhsil müəssisələri isə 3 və 5 il müddətinə akkreditasiya olunublar.
Təhsil eksperti Məzahir Məmmədli açıqlamasında deyib ki, artıq Qızlar Universiteti ilə bağlı mənzərə ürəkaçan deyil:

"Artıq Qızlar Universiteti ilə bağlı mənzərə ürəkaçan deyil. Buna görə də 2026–2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul ümumiyyətlə dayandırılıb.
Bu qərar göstərir ki, magistraturaya qəbulun dayandırılması universitetin fəaliyyət zəncirində mühüm həlqələrdən birinin qırılması deməkdir. Bu isə gələcəkdə özəl universitetin maddi-texniki bazası üçün məcburi sayılan tələbələrin ödənişi kəsir yaradacaq. Çünki özəl ali təhsil müəssisələrinin maliyyə mənbələrinin mühüm hissəsini tələbələrin ödədiyi təhsil haqları təşkil edir”.
O bildirib ki, akkreditasiya tələblərinin pozulması səbəbindən növbəti illərdə digər təhsil səviyyələri üzrə də qəbulun dayandırılması istisna edilmir:
"Digər tərəfdən, akkreditasiya tələblərinin pozulması səbəbindən növbəti illərdə digər təhsil səviyyələri üzrə də qəbulun dayandırılması istisna edilmir. Ümumilikdə, mən artıq Qızlar Universitetinin gələcəyi ilə bağlı müsbət perspektiv görmürəm. Hesab edirəm ki, 30 ildən artıq fəaliyyət göstərən bir universitet mövcud problemlərini indiyədək həll edə bilməyibsə, bunu qarşıdakı iki il ərzində aradan qaldırması da asan görünmür. Abituriyentlər də seçim edərkən bu məsələyə daha həssas yanaşacaqlar. Bu baxımdan, Qızlar Universitetinin növbəti illərdə fəaliyyətini davam etdirməsi risk altına düşür”.
"Öözəl universitetlərin büdcəsi əsasən onların daxili maliyyə imkanları və tələbələrin ödədiyi təhsil haqları hesabına formalaşır. Qəbulun dayandırılması isə universitetin maliyyə dayanıqlığına ciddi təsir göstərəcək və nəticədə onun fəaliyyətinin dayanması, hətta bağlanması ehtimalını artıracaq”,- təhsil eksperti qeyd edib.
Şahanə Ziyad

Mənbə: azxeber.com