İngiltərənin Lankaşir qraflığından olan 55 yaşlı Darren Deyvis valideynlərindən qalan evin mirasından məhrum edildiyini düşündüyü üçün uşaqlıq evini partladıb.
Hadisə 27 mart 2024-cü ildə Hambleton kəndindəki Karr Leyn küçəsində yerləşən, təxminən 260 min funt-sterlinq dəyərində olan evdə baş verib.
Deyvis valideynlərinin bir-birindən bir neçə ay sonra vəfat etməsindən sonra qardaşı Kreyq Deyvislə birlikdə evdə yaşamağa davam edib.
Hadisə günü səhər saatlarında evdə güclü partlayış baş verib. Damın uçduğu və binanın alovlara büründüyü bildirilib.
Hadisədən sonra evdən çıxan Deyvis yoldan keçən şəxslərdən birinə belə deyib: “Ailəm evi istəyir. Mən ala bilməsəm, heç kim ala bilməz”.
İstintaq zamanı məlum olub ki, Deyvis qonaq otağına, mətbəxə və yataq otağına üç qaz balonu yerləşdirib. Daha sonra çardağa benzin tökərək şam yandırıb.
Prokurorluq bildirib ki, yanğın tezalışan materialların təsiri ilə sürətlə yayılıb və baş verən partlayış ətrafdakı insanlar üçün ciddi təhlükə yaradıb.
Məhkəmədə ifadə verən Kreyq Deyvis valideynlərinin vəsiyyətnaməsində evin iki qardaş arasında bərabər bölüşdürülməsinin nəzərdə tutulduğunu deyib.
Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində evi sataraq ayrı-ayrı yollarla getməyi təklif edib. Lakin Darren atasının həyatının son aylarında evi yalnız ona vəsiyyət edən gizli sənəd imzalandığını iddia edib. Kreyq bu iddianın həqiqətə uyğun olmadığını bildirib.
Partlayış zamanı işdə olan Kreyq hadisədən dostunun göndərdiyi mesaj vasitəsilə xəbər tutub. O, gündəlikləri, ailə fotoları və valideynlərinə məxsus zinət əşyaları da daxil olmaqla, şəxsi əşyalarının böyük hissəsini itirib.
Kreyq qardaşından 170 min funt-sterlinqdən çox təzminat tələb edib.
Preston Kral Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi Deyvisin uzun müddət bipolyar pozuntu, depressiya, narahatlıq və autizm spektri pozuntusu ilə bağlı müalicə aldığını bildirib.
Müdafiə vəkilinin sözlərinə görə, hadisə zamanı Deyvisin psixi vəziyyəti stabil olmayıb və o, özünə qəsd etməyi də planlaşdırıb.
Hakim Filip Parri təqsirləndirilən şəxsin psixi sağlamlıq problemlərinin onun məsuliyyətini müəyyən qədər azaltdığını və günahını erkən etiraf etdiyini nəzərə alıb.
Deyvis 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ən çox yarısını həbsdə keçirəcək, qalan müddət isə şərti azadlıq çərçivəsində olacaq.
Mənbə: qafqazinfo.az