Azərbaycanda əməkhaqqından tutulmalar yalnız qanunvericiliyin icazə verdiyi hallarda həyata keçirilə bilər.
Əmək Məcəlləsinə görə, işçinin maaşından vəsait yalnız onun yazılı razılığı ilə və ya qanunla nəzərdə tutulan icra sənədləri əsasında tutula bilər. Bundan əlavə, işəgötürən aşağıdakı hallarda öz sərəncamı ilə tutulma apara bilər:
vergilər, sosial sığorta haqları və digər məcburi ödənişlər;
icra sənədlərində göstərilən məbləğlər;
işçinin təqsiri nəticəsində vurulan zərər (tam maddi məsuliyyət halları istisna olmaqla, orta aylıq əməkhaqqını keçməmək şərti ilə);
işçi məzuniyyət götürüb iş ili tamamlanmadan işdən ayrıldıqda, istifadə etdiyi işlənməmiş məzuniyyət günlərinin ödənişi;
ezamiyyə üçün verilmiş avansdan istifadə edilməyən və geri qaytarılmayan hissə;
mühasibatın riyazi səhvi nəticəsində artıq ödənilmiş məbləğ;
təsərrüfat xərcləri üçün verilmiş, lakin vaxtında qaytarılmayan və ya xərclənməyən vəsait;
kollektiv müqavilədə nəzərdə tutulan digər tutulmalar;
həmkarlar ittifaqı üzvlərinin üzvlük haqları.
Avansın, borcun və ya mühasibat səhvi nəticəsində artıq ödənilmiş məbləğin tutulması həmin hal baş verdiyi tarixdən etibarən 1 ay ərzində həyata keçirilə bilər. Bu müddət keçdikdən sonra həmin məbləğin əməkhaqqından tutulmasına yol verilmir.
İşdənçıxma müavinəti və qanunla vergidən azad edilmiş digər ödənişlərdən tutulma edilə bilməz. Həmçinin, riyazi səhv istisna olmaqla, işçiyə artıq ödənilmiş əməkhaqqının geri tutulması qanunla mümkün deyil.
İşçi yazılı ərizə verdiyi halda, maaşının müəyyən hissəsi kommunal ödənişlərə, bank kreditlərinə və ya digər şəxsi borcların ödənilməsinə yönəldilə bilər. Belə ərizə olmadıqda isə kreditorların tələbi ilə maaşdan tutulma aparılması mümkün deyil.
Qanunvericiliyə əsasən, hər əməkhaqqı ödənişində ümumi tutulma məbləği adətən işçiyə veriləcək maaşın 20%-ni, xüsusi hallarda isə 50%-ni keçə bilməz. Bir neçə icra sənədi olduqda da işçinin maaşının ən azı 50%-i ona ödənilməlidir.
Aliment, sağlamlığa vurulan zərərin ödənilməsi, ailə başçısını itirməyə görə kompensasiya, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi və islah işləri ilə bağlı hallarda isə bu məhdudiyyətlər tətbiq olunmur. Belə vəziyyətlərdə əməkhaqqından tutulmalar maksimum 70%-ə çata bilər.
Mənbə: www.bakupost.az