“Amazon” robotaksi xidmətinə başlayır

“Amazon” robotaksi xidmətinə başlayır

“Amazon”un avtonom avtomobil şirkəti “Zoox“ ABŞ-də ilk kommersiya robotaksi xidmətini istifadəyə verir.

Şirkət ABŞ-nin yol təhlükəsizliyi qurumundan lazımi icazəni aldıqdan sonra gələn həftədən etibarən Las-Veqasda ödənişli sərnişindaşıma xidmətinə başlayacağını açıqlayıb.
“Zoox”un sürücüsüz elektrik robotaksiləri indiyədək Las-Veqas, San-Fransisko, Ostin və Mayamidə sınaq proqramı çərçivəsində sərnişinləri ödənişsiz daşıyırdı.
Şirkət bildirib ki, səfərlərin qiyməti avtomobil çağırışı xidmətlərinin “komfort” kateqoriyasına uyğun olacaq.
“Zoox”un kommersiya fəaliyyətinə başlaması ABŞ-də robotaksi bazarında rəqabəti daha da gücləndirəcək. Hazırda “Waymo” artıq bir neçə şəhərdə ödənişli sürücüsüz taksi xidməti göstərir, “Tesla” da robotaksi xidmətini istifadəyə verib.
Qeyd edək ki, “Zoox”ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən (NHTSA) insan sürücünün idarəetməsini tələb edən federal qaydalardan azadolma alan ilk avtonom avtomobil şirkəti olub. Verilən icazəyə əsasən, şirkət növbəti iki il ərzində hər il maksimum 2 500 robotaksini kommersiya məqsədilə istismar edə biləcək.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az