Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində qəza olub və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin yol kənarında dayanan “KamAz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: qafqazinfo.az