Sanki cənnət qapıları açıldı – Göydən tökülən şəlalənin maraqlı sirri - VİDEO

Sanki cənnət qapıları açıldı – Göydən tökülən şəlalənin maraqlı sirri -

Braziliyada təbiətin nadir hadisələrindən biri qeydə alınıb.

San-Paulu ştatında yerləşən Casa de Pedra mağarasının girişində sanki göydən tökülən şəlalə və Günəşin ətrafında yaranan rəngli halqalar görənləri heyrətləndirib.

Qeyri-adi təbiət hadisəsi oktyabrın 17-də İporanqa bölgəsində qeydə alınıb.

Görüntüləri dağ bələdçisi Gilberto Morais dostları ilə birlikdə mağaraya yürüş edərkən lentə alıb. Görüntülər sosial şəbəkələrdə 8 milyondan çox baxış toplayıb.

Əslində, su göydən deyil, mağaranın yuxarı hissəsindəki qayaların çatlarından tökülür. Günəş şüalarının atmosferdəki buz kristallarında sınması nəticəsində yaranan işıqlı halqalar və çəkiliş bucağı isə suyun birbaşa səmadan axdığı təəssüratını yaradıb.

Hadisənin qeydə alındığı Casa de Pedra dünyanın ən böyük mağara girişlərindən birinə malikdir. San-Paulu Universitetinin alimləri onun girişinin hündürlüyünü 197,1 metr ölçüblər.

Mağara Atlantik meşələri ərazisində, 400-dən çox mağaranın yerləşdiyi Alto-Ribeyra Dövlət Turizm Parkındadır.

2003-cü ildə qəfil sel nəticəsində iki nəfərin həlak olmasından sonra mağaranın daxilinə turist girişinə məhdudiyyət qoyulub. Hazırda turistlər təxminən üç saatlıq yürüşlə mağaranın nəhəng girişinə qədər gedə bilirlər.

Mənbə: musavat.com